Azərbaycanın görkəmli bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin “Yarımgilə” mahnısının erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən mənimsənilməsi aradan qaldırılıb. Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, musiqisi Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” adlı mahnının sözləri erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən dəyişdirilərək “Xrovel e im yare” adı ilə ifa edilib və “Youtube” platformasında yerləşdirilib.

Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 2 avqust tarixində geniş məlumat yayılıb və bu halın aradan qaldırıması ilə bağlı tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Bəstəkarın rəqəmsal şəbəkələrdə əmlak hüquqlarının idarəçiliyini həyata keçirən “Mikpro” MMC cəlb edilməklə həyata keçirilən tədbirlər nəticəsində Cavanşir Quliyevin müəllif hüquqlarının pozulmasına səbəb olan erməni ifaçı Minas Ovanesyanın (Mino) ifa etdiyi “Xrovel e im yare” adlı mahnı “Youtube” platformasında yerləşdirilmiş beş səhifədən silinib.

“Yarımgilə” adlı mahnının musiqisinin Cavanşir Quliyevə məxsusluğu, sözlərinin bayatılardan ibarət olması və erməni ifaçı Minas Ovanesyanın (Mino) tərəfindən bəstəkarın müəllif hüquqlarının pozulması “Youtube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib.