Mədəniyyət sahəsində əməkdaşlıq turist axınına da müsbət təsir göstərəcək

 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Belqradda Serbiyanın turizm və gənclər naziri Hüseyn Memiç ilə görüşüb.

Agentlikdən bildirilib ki, görüşdə iki ölkə arasında turizm sahəsində əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də turizm təhsili üzrə vacib məlumatların mübadiləsi məsələləri müzakirə olunub.

Fuad Nağıyev noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) tematik proqramına ilk dəfə turizm mövzusunun inteqrasiya edilməsi haqqında məlumat verib. O, həmkarını COP29 çərçivəsində keçiriləcək “Turizm sahəsi üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlər Görüşü”nə dəvət edib.

İki ölkə turizm büroları rəhbərlərinin də iştirak etdiyi görüşün sonunda “Azərbaycan Turizm Bürosu ilə Serbiyanın Milli Turizm Təşkilatı arasında turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumu” imzalanıb.

Səfər zamanı Fuad Nağıyevin Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının həmsədri – mədəniyyət naziri Nikola Selakoviç ilə də görüşü olub.

Söhbət zamanı mədəniyyət və turizm sahələrinin bir-biri ilə sıx bağlı olduğu, bu sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı turist axınına müsbət təsir göstərəcəyi vurğulanıb.

Görüşdə Azərbaycanın Serbiyadaki səfiri Kamil Xasiyev də iştirak edib.

Nümayəndə heyəti tərəfindən Ümummilli lider Heydər Əliyevin Belqradın “Taşmaydan” parkında yerləşən abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb. Eləcə də 1999-cu ildə Belqrad şəhərinin NATO tərəfindən bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə həsr edilmiş abidə və Serbiyanın görkəmli yazıçısı Milorad Paviçin heykəli ziyarət olunub.