Naxçıvan Muxtar Respublikasının 100 illiyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Avqustun 28-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Naxçıvan” mövzusunda tədbir keçirilib.
Tədbirdə Zərifə Əliyeva adına 7 sayılı məktəbin şagirdləri və müəllimləri iştirak ediblər.
Öncə mərkəzin ekspozisiya zalında tədbir iştirakçılarına Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyəti haqqında məlumat verilib.
Mərkəzin direktoru bildirib ki, Naxçıvan MR-in davamlı inkişafında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu öndər həm muxtar respublikaya rəhbərlik etdiyi dövrdə, həm də müstəqil respublikamızda siyasi hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqət mərkəzində saxlayıb, bölgənin gələcək inkişafı ilə bağlı vacib qərarlar qəbul edib.
Sonda “Naxçıvan – dünyanın naxışı” sənədli filmi nümayiş olunub.