Masallı rayon Mərkəzi Kitabxanası uşaq şöbəsinin təşkilatçılığı ilə şəhər 4 saylı uşaq bağçasında “nağıl saatı” keçirilib. Tədbirdə uşaq şöbəsinin əməkdaşı balacalara “Göyərçin və qarışqa” nağılını oxuyub. Sonda balaca oxucuların nağıl personajları haqqında sualları cavablandırılıb.

***

Şəki şəhər Bəxtiyar Vahabzadənin Ev-Muzeyi və Şuşa şəhəri Bülbülün Ev-Muzeyi arasında əməkdaşlıq çərçivəsində görüş keçirilib. Görüş Bülbülün Şuşadakı ev-muzeyində təşkil olunub.

Bəxtiyar Vahabzadənin Ev-Muzeyinin direktoru Elşən Zəkəryəbəyli çıxış edərək Bülbülün Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən söz açıb.

Direktor Xalq şairi Bəxtiyar Vahabzadənin kitabını muzeyə hədiyyə edib.

Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Bülbülün repertuarından musiqi nömrələrini səsləndirib.

Qeyd edək ki, Bülbülün Şuşadakı ev-muzeyi 1992-ci ildə şəhərin işğalından sonra erməni vandalizminə məruz qalaraq dağıdılıb, talan edilib. Şuşa işğaldan azad olunduqdan sonra ev-muzey bərpa olunub və 2021-ci il avqustun 29-da açılışı keçirilib.

Bəxtiyar Vahabzadənin Şəkidə ev-muzeyi şairin vaxtilə yaşadığı evdə yerləşir. Muzey 31 avqust 2018-ci il tarixində istifadəyə verilib.

***

Şəki şəhər Heydər Əliyev Mərkəzində şəhər MKS-nin 9 nömrəli kitabxana filialı ilə birgə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib.

Şagirdlərin əl işlərindən ibarət “Təbiəti sevək və qoruyaq!” adlı rəsm və kitab sərgisi təşkil edilib, uşaqlar mövzu ətrafında müxtəlif rəsmlər çəkiblər.

N.Məmmədli