Elmi-praktik seminar

 

“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda elmi-praktik seminar keçirildi.

“Qədim Şəmkir Şəhərinin arxeoloji-memarlıq irsi: tədqiqi, qorunması və təbliği” mövzusunda tədbir qoruğun və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Seminar iştirakçıları əvvəlcə qoruğun arxeoloji qazıntı işləri gedən Narınqala hissəsi ilə tanış oldular. Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı tarix elmləri doktoru Tarix Dostiyev 2006-cı ildən qoruq ərazisində aparılan elmi-tədqiqat işləri və aşkar olunan maddi mədəniyyət nümunələri haqqında ətraflı söhbət açdı. Artefaktların tarixi, istehsal üsulu və məişətdə istifadə qaydaları barədə məlumat verildi.

Daha sonra qoruğun inzibati binasında seminar öz işinə başladı.

Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev qoruqların Azərbaycanın mədəni irs tarixində əhəmiyyətli mövqeyindən, onların qorunması və təbliği məsələlərindən danışdı.

“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nurlan Həsənov qoruğun yaranması və beşillik fəaliyyəti haqqında danışdı.

Elmi-tədqiqat ekspedisiyasının rəhbəri Tarix Dostiyev arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələrinin qorunması və təbliği yönündə həyata keçirilən layihələri, cari ilin elmi-tədqiqatlarının nəticələrini diqqətə çatdırdı.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar tarixçilər tərəfindən cavablandırıldı.

Aləmzar Hüseynova
“Qədim Şəmkir Şəhəri” qoruğunun əməkdaşı