Kəlbəcərdə yol və su elektrik stansiyaları

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna səfər ediblər.

Dövlət başçısı və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov görülən işlər barədə məlumat verib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bu istiqamətdə mövcud yolun uzunluğu 100, yeni yolun uzunluğu isə 82 kilometrdir. Yeni yolun qısalması həm də tunellər sayəsində mümkün olacaq. Yolun 34,9-35,4 kilometrliyindəki tunelin uzunluğu 500, hərəkət hissəsinin eni 8 metrdir.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun 15,2 kilometrlik hissəsi hazırdır. Diqqətə çatdırılıb ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən yolun Toğanalı-Kəlbəcər hissəsi 56 kilometr, Kəlbəcər-İstisu hissəsi isə 26 kilometr təşkil edir.

Toğanalı-Kəlbəcər yolunun 13-cü kilometrliyindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən 3260 metrə qədər artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. 23,4 kilometr uzunluğunda tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 10 metr enində olacaq. Bundan əlavə, 561,2 metr, 626,9 metr, 500 metr və 947,9 metr uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir. Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir.

Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 67,5 faizi tamamlanıb.

Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu yol bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının (SES)  açılışında iştirak ediblər.

“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev görülən işlər barədə məlumat verib.

“Yuxarı Vəng” SES Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Ümumi gücü 40 meqavat olan stansiya azad edilən ərazilərdə 42 meqavatlıq “Zəngilan” SES-dən sonra ikinci böyük layihədir.

“Yuxarı Vəng” SES-ə su iki mənbədən – “Nadirxanlı” SES-in çıxışı və Tutqu çayı üzərində inşa edilən baş suqəbuledici qurğudan daxil olur. Layihə çərçivəsində həyata keçirilən tikinti-quraşdırma işlərində ətraf mühit amilləri nəzərə alınıb. Çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğular layihələndirilərək tikilib.

Stansiyanın layihəsi “AzərEnerji” ASC-nin Energetika İnstitutu tərəfindən hazırlanıb. Aparılan işlərdə Avstriya və İtaliya şirkətlərinin mütəxəssisləri də iştirak ediblər.

Prezident İlham Əliyev “Yuxarı Vəng” SES-i işə salıb.

***

Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunda “AzərEnerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını edib.

Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olan “Zar” və “Toğanalı” KSES-lər cəmi bir il ərzində tikilib. Bu elektrik stansiyalarını su ilə təchiz etmək üçün Zar və Kürəkçay çaylarının üzərində ekoloji normalar daxilində baş suqəbuledici qurğular inşa edilib. Hər iki KSES-də ümumilikdə 25 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur ki, bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.

Prezident İlham Əliyevin işğaldan azad edilən əraziləri yaşıl enerji zonasına çevirmək, regionun hidroenerji potensialından səmərəli istifadə etmək barədə tapşırıqlarına əsasən, “AzərEnerji” ASC tərəfindən ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyasının tikintisi üzrə işlərə başlanılıb. Bu stansiyalarının 2025-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Qarabağ və Şərqi Zəngəzurda indiyədək ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara verilib və bu günədək 492 milyon kilovat-saat sıfır emissiyalı elektrik enerjisi istehsal edilib. Bununla da 110 milyon kubmetr təbii qaza qənaət olunub.

***

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35 kV-luq “İstisu” yarımstansiyasının da açılışını edib.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov görülən işlər barədə məlumat verib. Bildirilib ki, yarımstansiya “İstisu” sanatoriyasının və “İstisu” mineral su zavodunun elektrik təchizatı məqsədilə inşa edilib. Yeni yarımstansiyanın 110/35 kV-luq “Qorçu” və “Laçın” yarımstansiyaları ilə əlaqələndirilməsi nəticəsində 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin yaradılmasına nail olunacaq.