Sentyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Türkiyənin “LAGOM” simli kvartetinin konserti olacaq.
“LAGOM” kvarteti Azərbaycan Bəstəkarlar İttifaqının dəvəti ilə ilk dəfə ölkəmizdə çıxış edəcək.
Kvartet Bilkənt Universitetinin (Ankara) 2021-ci ildə məzun olan gənc musiqiçiləri tərəfindən təşkil olunub. Türkcəyə İsveç dilindən keçən “Lagom” sözü nə az – nə çox, tam miqdarında, balansın saxlanması mənasını verir.
Ansamblın rəhbəri Bilkənt Konservatoriyasının professoru Toğrul Qəniyevin tələbəsi olmuş azərbaycanlı violin ifaçısı Hüseynəli Hüseynəliyevdir. Kvartetin hazırkı tərkibinə ikinci violin ifaçısı qırğızıstanlı Aliyə Okeyeva, türkiyəli musiqiçilər – viola ifaçısı Semih Tercan və violonçel ifaçısı Yaşar Koroğlu daxildir.
Qeyd edək ki, bədii rəhbərdən başqa ansamblın solistləri müxtəlif ölkələrin musiqiçilərindən ibarət olaraq tez-tez dəyişilir. Kvartetin repertuarında dünya musiqisinin məşhur nümunələri yer alır.
“LAGOM” kvarteti dəfələrlə Xalq artisti, professor Firəngiz Əlizadənin də əsərlərini ifa edib. Bakı konsertinin proqramına dünyaca məşhur bəstəkarın iki əsəri – “Muğamsayağı” və “Rəqs” daxildir. Bundan əlavə, konsertdə tanınmış türkiyəli bəstəkarlar, hazırda Amerikada yaşayan Kemran İnce və Fazil Sayın əsərləri səslənəcək.