Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar.

Elm və təhsil naziri Emin Əmrullayev görülən işlərlə bağlı məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 528 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq, STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər təşkil ediləcək. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, yataqxana, idman zalı və digər zəruri otaqlar yaradılacaq.

Modul tipli məktəbin layihəsi ilə tanışlıq zamanı qeyd edildi ki, ümumi sahəsi 420 kvadratmetr olacaq binada 2 inzibati otaq və 9 sinif otağı yerləşəcək.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyətə malikdir. Kəlbəcərdə ən müasir standartlara uyğun inşa olunan təhsil kompleksi də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təhsil infrastrukturunun qurulmasına xüsusi diqqətin təzahürüdür.

Kəlbəcər rayonunda ilk orta məktəb 1924-cü ildə fəaliyyətə başlayıb. İşğaldan (1993) əvvəl rayonda 96 ümumtəhsil məktəbi, o cümlədən 46 tam orta, 42 ümumi orta, 8 ibtidai məktəb fəaliyyət göstərib. Bundan əlavə, rayonda bir texniki peşə məktəbi, iki əyani-qiyabi məktəb, səkkiz məktəbdənkənar və dörd məktəbəqədər təhsil müəssisəsi vardı. Erməni işğalı dövründə  dağıdılmış təhsil infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.

***

Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.

İnzibati binanın inşası üçün 2,4 hektardan çox ərazi nəzərdə tutulub. Bu ərazi Kəlbəcərin ictimai mərkəzi ilə şəhər parkının arasında yerləşir. İnzibati binanın yerləşdiyi ərazinin şimal hissəsi pilləli landşaft elementləri və şəhər parkının relyefi ilə birləşir. də Baş plan üzrə şəhərin inzibati mərkəzində 2 inzibati binanın inşası nəzərdə tutulub. Hər iki bina müasir üslubda layihələndirilib. Tikinti işlərinə 2025-ci ildə başlanılması planlaşdırılır.