Qədim yurd yerimiz işğaldan qurtuluşunun dördüncü ilində geniş tikinti meydanına çevrilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım otuzillik işğaldan qurtuluşunun dördüncü ilini yaşayan qədim yurd yerimizdə həyata keçirilən layihələrlə tanış olublar. Yeni müəssisələrin açılışı olub, gələcək tikililərin təməli qoyulub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikinti sahəsində olublar. Burada görülən işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, bu yaşayış kompleksinin ümumi sahəsi 19,5 hektardır. Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır.

Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxıblar.

Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır.

Diqqətə çatdırılıb ki, ikinci mərhələdə kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq.

Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli 2023-cü il mayın 27-də qoyulub. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb.

***

Dövlətimizin başçısı Kəlbəcərə budəfəki səfəri zamanı şəhərdə ikinci yaşayış kompleksinin də təməlini qoyub.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev məlumat verib ki, kompleks 1,76 hektar ərazidə layihələndirilib və şəhərin Baş planına əsasən çoxfunksiyalı zonada yerləşir. Kompleksdə 3 və 5 mərtəbəli 8 yaşayış binasının inşası nəzərdə tutulur. Mənzillərin 56-sı ikiotaqlı, 56-sı üçotaqlı, 48-i isə dördotaqlı olacaq. Burada ümumilikdə 160 ailənin yaşaması planlaşdırılır. Burada evlərin və küçələrin işıqlandırılmasında yaşıl enerjidən də istifadə olunacaq.

***

Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub.

Məlumat verilib ki, İstisu qəsəbəsi Kəlbəcərin qərb hissəsində yerləşir. Ümumi sahəsi 63,1 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Baş plana əsasən, gələcəkdə burada 159 fərdi ev, “townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina tikiləcək.

Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beşotaqlı fərdi evlər tikiləcək. Qəsəbəyə birinci növbədə 159 ailə köçürüləcək.

İstisu qəsəbəsində 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, bayraq meydanı, idman meydançası və digər zəruri obyektlər yaradılacaq.

Qeyd edək ki, tarixən İstisu qəsəbəsində əhalinin əsas məşğuliyyəti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq olub. Müasir səviyyədə qurulacaq qəsəbənin perspektivdə rayonun yerli əhəmiyyətli mərkəzlərindən biri kimi inkişafı əsas məqsədlərdəndir.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayon sakinləri ilə görüşüblər. İllərin həsrətindən sonra ata-baba yurdlarına gələn insanlarla görüşdə duyğulu anlar yaşanıb.