Olaylar, faktlar (8 – 11 sentyabr)

 

644 il əvvəl...

 

8 sentyabr 1380-ci ildə Don çayının sahilindəki Kulikovo çölündə rus knyazlıqları ilə Qızıl Ordanın qoşunları arasında döyüş olub. Vladimir və Moskva knyazı Dmitri İvanoviçin ordusu Qızıl Orda xanı Mamayın başçılıq etdiyi qoşunları məğlub edib. Bundan sonra Qızıl Ordanın rus knyazlıqları üzərində hökmranlığı zəifləsə də, daha yüz il (1480-ci ilədək) sürdü.

 

406 il əvvəl...

 

10 sentyabr 1618-ci ildə Səfəvi və Osmanlı dövlətləri arasında növbəti müharibənin (1616–1618) nəticələrinə dair Mərənd sülh sazişi imzalanıb. Səfəvi dövləti XVI əsrin sonunda Osmanlı ilə müharibədə (1578–1590) itirdiyi torpaqların böyük hissəsini geri aldı. Bir müddət sonra (1625) tərəflər arasında yeni müharibə başlandı.

 

229 il əvvəl...

 

11 sentyabr 1795-ci ildə Tiflis yaxınlığında gürcü çarı II İraklinin qoşunları ilə İran şahı Ağa Məhəmməd Qacarın qoşunları arasında döyüş olub. Qacarın qoşunları gürcüləri məğlub edərək Tiflisi ələ keçirib. Bir il sonra II İrakli Rusiya imperiyası ilə müqavilə bağladı və Kartli-Kaxetiya çarlığı Rusiyanın himayəsinə keçdi.

 

82 il əvvəl...

 

9 sentyabr 1942-ci ildə SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə Azərbaycan SSR ərazisində hərbi vəziyyət elan edilib. Bu vaxt Almaniya qoşunları Qafqaz dağlarında idi və Bakı üzərinə hava reydləri həyata keçirilirdi.

 

76 il əvvəl...

 

9 sentyabr 1948-ci ildə Koreya Xalq Demokratik Respublikası yaranıb. II Dünya müharibəsindən sonra Yaponiyanın işğalından azad edilən Koreya yarımadası SSRİ və ABŞ-nin (38-ci paralel üzrə) nəzarətinə keçmişdi.

 

72 il əvvəl...

 

11 sentyabr 1952-ci ildə Qərbi Almaniya (AFR) Kansleri Konrad Adenauer və İsrailin Baş naziri Ben Qurion barışıq sazişi imzalayıblar. Sazişə əsasən, Almaniya faşist idarəçiliyi dövründə yəhudilərə qarşı həyata keçirilmiş soyqırımına (Holokost) görə İsrail dövlətinə 300 milyon dollar təzminat ödəməli idi.

 

51 il əvvəl...

 

11 sentyabr 1973-cü ildə Çilidə hərbi çevriliş baş verib. General Auqusto Pinoçetin başçılıq etdiyi hərbi xunta Prezident Salvador Alyendeni qətlə yetirib. Pinoçet rejimi 1989-cu ilədək sürdü. Həmin ildə o, azad seçkilərə şərait yaradaraq hakimiyyətdən getdi.

 

33 il əvvəl...

 

8 sentyabr 1991-ci ildə Azərbaycanda ilk prezident seçkiləri keçirilib. Əksər siyasi qüvvələrin boykot etdiyi və alternativ namizədin olmadığı seçkilərdə Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçilib.

 

26 il əvvəl...

 

8 sentyabr 1998-ci ildə Bakıda tarixi İpək Yolunun bərpası ilə bağlı Avropa Birliyinin TRACECA (Avropa-Asiya nəqliyyat dəhlizi) layihəsi üzrə beynəlxalq konfrans keçirilib. 32 ölkənin, 12 beynəlxalq təşkilatın iştirak etdiyi konfransda Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında müqavilə imzalanıb.

 

23 il əvvəl...

 

11 sentyabr 2001-ci ildə ABŞ-də dəhşətli terror aktları baş verib. Terrorçu kamikadzelər tərəfindən qaçırılmış üç sərnişin təyyarəsindən ikisi Nyu-Yorkda Dünya Ticarət Təşkilatının qoşa qüllələrinə, biri isə Vaşinqtonda Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) binasına çırpılıb. 3 minə yaxın insanın həyatına son qoyan terrora görə məsuliyyət Üsamə bin Ladenin “Əl-Qaidə” təşkilatının üzərinə qoyulub.

Hazırladı: V.Orxan