Son zamanlar bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) orden və medallar təsis etməsi və müxtəlif şəxsləri, xüsusilə, şəhid ailələrinin üzvlərini, o cümlədən vəzifəli şəxsləri, dövlət məmurlarını bu orden və medallarla təltif etməsi müşahidə edilir.
Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bəyanatında bildirilir.
Bəyanatda diqqətə çatdırılır ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunun müvafiq maddəsinə əsasən, orden və medal – vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.
“İctimaiyyəti diqqətli olmağa çağırır, bu cür əməllərlə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə dəvət edirik”, – deyə bəyanatda vurğulanır.