Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfərə gedib. Roma şəhərinin “Leonardo da Vinci Rome Fiumicino” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliyanın rəsmi şəxsləri qarşılayıblar.

Sentyabrın 5-də Romanın “Quirinale” Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edilib.

Sercio Mattarella çıxışında Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkəmizin İtaliyanın yaxın tərəfdaşı olduğunu qeyd edərək, 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin önəmini vurğulayıb.

Son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən Azərbaycan Prezidenti əlaqələrimizin çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini, İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bildirib. Bu xüsusda, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın vacibliyi, o cümlədən TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu layihənin Avropanın 10 ölkəsinin enerji təchizatındakı vacib rolu qeyd olunub.

Söhbət zamanı humanitar və mədəni əlaqələrin önəminə də toxunulub, ADA Universiteti ilə İtaliyanın beş universiteti arasında birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti qeyd edilib. Burada təhsil alan tələbələrin gələcəkdə ölkələrimiz arasında dostluğun elçiləri olacaqlarına və münasibətlərimizin inkişafına töhfə verəcəklərinə əminlik bildirilib.

İtaliya-Azərbaycan Universitetinin yaradılmasının əhəmiyyətinə diqqət çəkən Sercio Mattarella bunun ölkələrimiz arasında humanitar və insanlararası əlaqələrin inkişafında mühüm rol oynadığını deyib.

İtaliya Prezidenti COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, bunun çox əhəmiyyətli tədbir olduğunu və ölkəsinin də COP29-da yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirib. Sercio Mattarella COP29-la əlaqədar İtaliyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanla yaxından əməkdaşlıq etdiyini vurğulayıb.

Təbriklərə görə minnətdarlığını bildirən İlham Əliyev qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan yekdil dəstəyinin ifadəsi, eyni zamanda, ölkəmizə olan etimadın göstəricisidir.

Prezident vurğulayıb ki, Azərbaycan 2019–2023-cü illərdə Qoşulmama Hərəkatının sədri, hazırda isə üzvü kimi Qlobal Cənubun bir hissəsidir, Qərb, o cümlədən Avropa ilə sıx əlaqələri mövcuddur. Azərbaycan COP çərçivəsində də iqlim məsələləri üzrə həmrəyliyin təşviq edilməsi istiqamətində səy göstərəcək.

Prezident Sercio Mattarella ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə və inkişafına daim dəstək göstərdiyini deyərək, İtaliyanın regionda sülh gündəliyini dəstəklədiyini qeyd edib.

Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanla əsas ticarət tərəfdaşlarından biri olduğunu, Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin qurulduğunu deyib. Bununla belə, İlham Əliyev təəssüflə qeyd edib ki, bəzi Avropa ölkələri bu əlaqələrin inkişafına maneə yaradırlar. Prezident sülh gündəliyinə toxunaraq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsünün, bu müqavilənin əsasını təşkil edən prinsiplərin, eyni zamanda, Cənubi Qafqazda regional əməkdaşlıq layihələrinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu deyib.

Dövlətimizin başçısı sərhədlərin delimitasiyası və demarkasiyası prosesində ciddi nailiyyətlərin əldə edildiyini, ikitərəfli xarakter daşıyan bu proses çərçivəsində artıq 12 kilometrdən çox sərhədyanı ərazinin həm də demarkasiya olunduğunu, 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 Azərbaycan kəndinin də ölkəmizin nəzarətinə qaytarıldığını bildirib. Bununla yanaşı, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının hələ də mövcud olduğu diqqətə çatdırılıb, Ermənistanda müvafiq konstitusiya dəyişdirilməsi prosesi vasitəsilə bunun aradan qaldırılmasının önəmi vurğulanıb. Qeyd olunub ki, bundan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün yaxşı zəmin yaranacaq.

Görüşdə çoxsaylı İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti, xüsusilə Qarabağda bir sıra sahələrdə, o cümlədən bərpa-quruculuq işlərində, muzeylərin tikilməsində və digər müxtəlif layihələrin icrasında iştirak etdikləri vurğulanıb.

Sonda İlham Əliyev İtaliya Prezidentini Azərbaycana dövlət səfərinə dəvət edib. Sercio Mattarella dəvəti məmnunluqla qəbul edib.

***

Həmin gün Romada Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub.

“Chigi” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycanın dövlət başçısına, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliyanın hökumət başçısına təqdim olunub. Birgə foto çəkdirilib.

***

Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.

***

Prezident İlham Əliyev İtaliyaya işgüzar səfəri çərçivəsində sentyabrın 5-də Romada “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb.

Görüşdə SOCAR ilə “Eni S.P.A” şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunulub, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, sənədlərin imzalanmasından sonra “Eni S.P.A” şirkəti daha qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi üçün işçi plan və strategiya hazırlayacaq.

***

Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın Müəssisələr və “Made in Italy” Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Sənaye Konfederasiyasının (“Confindustria”) birgə təşkilatçılığı ilə İtaliya–Azərbaycan dəyirmi masası keçirilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, enerji sektoru, kimya sənayesi, avtomobil istehsalı, mühəndislik, əczaçılıq, kənd təsərrüfatı, metallurgiya, tikinti, qida və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib.

***

Qeyd etmək lazımdır ki, Azərbaycan-İtaliya münasibətləri dostluq və əməkdaşlıq ənənələri üzərində təşəkkül tapıb. İki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir.

Azərbaycan-İtaliya siyasi dialoqunun möhkəm təməli 1997-ci ildə Prezident Heydər Əliyevin bu ölkəyə rəsmi səfəri ilə qoyulub. Bundan sonra qarşılıqlı münasibətlər inkişaf etməyə başlayıb, o cümlədən bir sıra səfərlər həyata keçirilib.

Bu mənada, Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərin dinamikasını nümayiş etdirir. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrin inkişafında xüsusi yer tutur. 2020-ci ilin fevralında isə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri reallaşıb. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik inkişafına töhfə olub.

Enerji sahəsində əməkdaşlıq xüsusilə yüksək səviyyədədir. İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşıdır. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub. İki ölkə arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. 2023-cü ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard dollar, o cümlədən ixracın həcmi 15,2 milyard dollar təşkil edib. İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycanla ticarət təşkil edir. 2023-cü ildə İtaliyanın Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 30,65 faiz (1-ci yer), o cümlədən ixracda  44,86 faiz (1-ci yer) təşkil edib.

***

İki ölkə arasında humanitar sahələrdə, özəlliklə mədəniyyət sahəsində münasibətlər də uğurla inkişaf edir. 2012-ci ildə Romanın “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Abidə Nizami Gəncəvinin 870 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə keçirilən silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılıb.

Mədəni əlaqələrdən danışarkən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpa edilməsini xüsusi qeyd etmək lazımdır. Vatikanda Heydər Əliyev Fondunun və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri çox yüksək qiymətləndirilir.

2020-ci ildə İtaliyada “Azərbaycan Mədəniyyət İli” elan edilməsi də ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin daha bir göstəricisidir.

Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzi fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə edilib. 2022-ci ildə Bakıda ADA Universitetinin kampusunda ali təhsil müəssisəsinin təməli qoyulub və 2024-cü ildə ilk qəbul keçirilib. İtaliya da Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir.

Beləliklə, zəngin tarixə malik Azərbaycan–İtaliya mədəni əlaqələri ən müxtəlif sahələrdə inkişaf edir, ildən-ilə strateji tərəfdaşlıqda yeni səhifələr açılır.