Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 97-ci teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.

Teatrdan bildirilib ki, görüşdə çıxış edən teatrın direktoru Naidə İsmayılzadə növbəti ildə hazırlanacaq yeni səhnə əsərlərindən, kollektiv iş prosesinin vacibliyindən söhbət açıb.

Görüşdə festival üçün nəzərdə tutulan “Mən Feyerbaxam” monotamaşasından bəhs olunub.

“Ötən mövsümdə sənət ocağı altı yeni tamaşa təqdim edib. Həmçinin teatrın bölgə və festivallara uğurlu qastrol səfərləri reallaşıb. Növbəti aylarda teatrımızda uşaqlar üçün “Cırtdan” nağılı əsasında eyniadlı səhnə əsəri nümayiş olunacaq”,- deyə direktor əlavə edib.

Teatrın aktyorları Əməkdar artist Qəmər Məmmədova və Elşən Şıxəliyev, həmçinin truppa müdiri Ələsgər Muradxanlı, səsyazma və radio sexinin rəisi İradə Muradova yubileyləri münasibətilə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı ilə təltif olunublar.

Qeyd edək ki, Milli Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın 21-də açacaq. Gündüz (saat 12:00) “Qaraca qız”, axşam (saat 19:00) “Fiqaronun toyu” tamaşaları göstəriləcək.