Sentyabrın 6-da Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizə həsr olunmuş “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin elmi müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilib.

Kitabxanadan bildirilib ki, kitab Bakı Şəhər İcra Hakimiyyətinin AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə nəşridir.

Milli Kitabxanada təşkil olunan tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra isə tarixi Qələbəmizə və onun qazanılmasında şəxsiyyət faktorunun roluna həsr olunmuş qısa videoçarx izlənilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunmuş kitabda hadisələrin elə hadisə iştirakçılarının dilindən nəql olunduğunu söyləyib. O, kitabın dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan dili ilə yanaşı, 8 xarici dildə nəşr edildiyini, həmçinin digər xarici dillərdə də çap edilməsinin qərara alındığını söyləyib. Kitabda Vətən müharibəsində qazanılan şanlı Qələbənin memarı kimi Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, yüksək intellekti, dahi sərkərdəlik qabiliyyəti əks olunduğunu bildirib. Milli Kitabxananın dünyanın 100-dək kitabxanası ilə beynəlxalq kitab mübadiləsi etdiyini, əsas vəzifəsinin nəşr olunan bu kitabların dünya kitabxanalarına çatdırmaqdan ibarət olduğunu vurğulayan professor Kərim Tahirov bu kitabın da ispan dilli ölkələrə çatdırılacağını bildirib. Tarixi Qələbənin tam qiymətini verən bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövr, Vətən müharibəsinə qədərki proseslərə və hadisələrin xronologiyasına nəzər yetirəndə kitabın nə dərəcə əhəmiyyətli və faydalı olduğunu nəzərə çatdırıb.

Filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayev kitabın ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkürünü bildirib. Analoqu olmayan tarixi Qələbənin dünyaya xalqın qəhrəmanlıq səlnaməsini göstərdiyini vurğulayıb. Bu qələbəni təsvir eləmək, ölkə rəhbərliyinin siyasətini dünyaya çatdırmaq, belə kitabları təbliğ etmək bizin ən böyük vəzifəmiz, borcumuz olduğunu söyləyib.

BDU-nun Tarix fakültəsinin kafedra müdiri, professor Anar İsgəndərov kitabın ərsəyə gəlməsi, plan-prospektin hazırlanması zamanı bitkin bir konseptual yanaşmanın ortaya qoyulduğunu, geniş oxucu kütləsinə və gənclərə ünvanlanmasının nəzərə alındığını, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında bu nəşrin vacibliyini vurğulayıb.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun baş direktoru, akademiyanın müxbir üzvü Musa Qasımlı dövlət başçımızın uzaqgörənliyi sayəsində qazanılan qələbəni əks etdirən kitabı təkcə bu günün deyil, gələcəyin kitabı adlandırıb, layihənin təşəbbüskarlarına və müəlliflərinə minnətdarlığını bildirib.

Tədbirin davamında siyasi elmlər fəlsəfə doktoru Aydın Mirzəzadə, Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru Şikar Qasımov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, AMEA Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı çıxış edərək bu kitabın Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacağını vurğulayıblar.