Ağdamın “Nənə qızlar” folklor ansamblının üzvləri 32 ildən sonra yenidən doğma kəndlərinə – Abdal-Gülablıya səfər ediblər.

“Nənə qızlar” burada sanatoriya ərazisindəki bulağın ətrafında rəqs edib, mahnı oxuyublar.

Bakı Dövlət Universitetində “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının müdiri folklorşünas Almara Nəbiyevanın bildirdiyinə görə, “Nənə qızlar” ansamblı 1982-ci ildə ustad aşıq Xaspolad Mirzalıyevin təşəbbüsü ilə Abdal-Gülablı kəndində yaradılıb və böyük səhnələrdə çıxış edərək uğur qazanıb. 1993-cü ildə Ermənistan tərəfindən Ağdam rayonunun işğal olunması nəticəsində ansambl fəaliyyətini dayandırıb.

“Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra qərara gəldik ki, “Nənə qızlar” ansamblını bərpa edək. Ansamblın veteranlarını tapdıq, yeni istedadlı xanımlar da dəvət etdik. Ansamblın “nənəsi” Xavər nənədən halallıq aldıq. Beləliklə, 2023-cü il noyabrın 8-də Ağdamın Quzanlı qəsəbəsində keçirilən Zəfər bayramında ansamblın fəaliyyəti bərpa edildi. Həmin vaxtdan “Nənə qızlar” müxtəlif tədbirlərdə çıxış edir. Ansambl daha böyük uğurlara imza atmağı hədəfləyib”, – deyə A.Nəbiyeva əlavə edib.

Qeyd olunub ki, Abdal-Gülablını Qarabağın digər yaşayış məntəqələrindən fərqləndirən cəhət burada muğamla yanaşı, aşıq musiqisinin də inkişaf etməsidir. Bir çox tanınmış aşıq, xanəndə və ifaçı bu kəndin yetirməsidir. “Nənə qızlar” ansamblının üzvlərinin əksəriyyəti Abdal-Gülablıdandır.

Ansamblın “nənəsi” Sabirə Cəfərova 32 il sonra doğma yurda gələrkən kədər və sevinc hissləri yaşadığını bildirib: “Ağdama – Gülablıya gələrkən həm xaraba qalmış kəndimizi görüb kədərləndim, həm də doğma yurdumuza yenidən qədəm basdığım üçün sevindim, köhnə xatirələri yada salıb kövrəldim. Kənddə konsert üçün yerimiz var idi. “Nənə qızlar” ansamblı olaraq hər həftə orada konsert verirdik. Uğurlarımız çox idi. İnşallah, bundan sonra da uğurlarımız davamlı olar”.