Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Pərvin Nurəliyevanın “Cırtdan” xalq nağılının motivləri əsasında yazdığı “Cırtdanino” pyesinin oxunuş məşqlərinə başlanılıb.
Birhissəli səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Məhərrəmovadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.
Tamaşada Əməkdar artistlər Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Elnur Hüseynov, aktyorlar Hilal Dəmirov, Hüseyn Bayramov, Xaliq Bəkirov, Mətləb Abuşov, Anar Seyfullayev, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Aydan Həsənzadə, Ramil Məmmədov, Mehriban Hüseynova, Kərəm Hadızadə, Hökümə Rəhimzadə, Aydın Dəmirov, Müşfiq Əliyev, İlhan Sadıqov, Anar Səfiyev, Araz Pirimov, Mirzəağa Mirzəyev, Ümman Budaqov rol alıblar.
Balaca tamaşaçılar Cırtdan və nağılın digər qəhrəmanlarından başqa, yad planetlərdən gəlmiş Nino adlı robotla da tanış olacaqlar. Nino Cırtdanı və onun dostlarını Yer planetindən başqa planetlərə səyahətə aparacaq, fərqli dünyalarla tanış edəcək. Vaxtilə uşaqların etdikləri dəcəlliklər səyahətə getdikləri planetlərdə müxtəlif forma və hadisələrlə onların qarşısına çıxacaq.