Azərbaycan Turizm Bürosunun iştirakı ilə sentyabrın 11-də Moskva şəhərində keçirilən “MICE4U” tədbirində ölkəmizin işgüzar turizm potensialı tanıdılıb.
Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl işgüzar tədbirlər destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tədbirləri və tərəfdaşları müəyyənləşdirmək, həmçinin təbliğat fəaliyyətini genişləndirməkdir.
Rusiyanın işgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssis və agentlikləri ilə keçirilən B2B formatlı görüşlərdə işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana 501 min nəfər səfər edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18 faiz artım deməkdir.