Sentyabrın 13-də Bakıda növbəti Formula 1 yarışları başlanır. Azərbaycan paytaxtı 8-ci dəfə dünyanın ən həyəcanlı avtomobil idmanı yarışına ev sahibliyi edir.
Qətər Dövlətinin hava yolları şirkəti – “Qatar Airways” ötən ildən F1-in yeni qlobal tərəfdaşıdır və yarışın Bakı mərhələsi də tam olaraq “Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi–2024” adlanır.
Bakı Şəhər Halqası (BŞH) rekord sayda azarkeşi qarşılamağa hazırdır. BŞH Əməliyyat Şirkətindən bildirilib ki, əvvəlki illərdən fərqli olaraq, azarkeşlər bu il Formula 1-in məşhur bütün əyləncəli aktivasiyalarını Dənizkənarı bulvar ərazisində görə biləcəklər. Ən populyar aktivasiyalardan biri “Pit Stop Challenge”dir. Burada azarkeşlər F1 bolidinin təkərlərini mümkün olan ən qısa zamanda dəyişməyə çalışırlar. Günün ən sürətli komandası mükafatlar, o cümlədən imzalı əşyalar və paddok turu qazanmaq şansı əldə edəcək.
Bulvar ərazisində yerləşən azarkeş zonasında Fan-forum da keçiriləcək. Səhnənin qarşısında təşkil olunan sessiyada dünyaşöhrətli F1 pilotları avtoidman həvəskarları ilə görüşəcək. Komandalar üçün ayrılmış vaxt ərzində azarkeşlər F1 ulduzlarına öz suallarını verib, onlardan avtoqraf almaq və şəkil çəkdirmək imkanı əldə edəcəklər.
Fərqli texnoloji təcrübələri sevənlər üçün isə “Giant Helmet” çox maraqlı olacaq. Fanatlar nəhəng F1 dəbilqəsinin köməyi ilə virtual reallıqda öz sürücü dəbilqələrini dizayn edəcək və bu unikal təcrübəni sosial mediada paylaşa biləcəklər.
“Ninja əngəl zolağı” fiziki aktivlik axtaranlar üçün idealdır. Hər yaş üçün uyğun olan bu zolaqda fanatlar müxtəlif maneələri dəf edərək əylənəcəklər.
Formula 1 yarışlarının həyəcanı ilə sirkin möcüzəsi də bir araya gəlir. Akrobatlardan illüziya ustalarına qədər valehedici çıxışlarla dolu möhtəşəm sirk ab-havası yaşanacaq.
Bakı Şəhər Halqası kiçik qonaqları da unutmayıb. Bulvar ərazisində uşaqlar üçün xüsusi əyləncə nöqtələri mövcuddur. Bundan başqa, milli rəqslər, nağaraşoular, retro avtomobillərin sərgisi, müxtəlif fotozonalar, həmçinin kiçik konsertlər kimi əyləncələr də burada yer alacaq.
Günlük proqramlar axşam Bakı Kristal Zalında təşkil olunacaq dünya ulduzlarının konsertləri ilə davam edəcək. Sentyabrın 13-də dünyaşöhrətli aktyor və musiqi ulduzu Vill Smit öz unikal musiqi proqramı ilə səhnədə fanatları əyləndirəcək. Həmin axşam yarış həvəskarlarını Cənubi Afrika Respublikasından DJ və prodüser “Black Coffee”nin ritmik, enerjili performansı da gözləyir. Sentyabrın 14-də isə dünya musiqisinin parlaq ulduzu DJ Balvin Bakı səhnəsində avtoidman həvəskarlarına möhtəşəm gecə yaşadacaq.
***
Bu il Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın yerli və xarici media nümayəndəsi işıqlandırır. Sentyabrın 11-də xarici media üçün tur təşkil edilib.
Mediatur UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğundan başlayıb. Qoruq ərazisində yerləşən muzeylə də tanış olan jurnalistlərə Azərbaycanın tarixi və qədim qayaüstü təsvirlər haqqında ətraflı məlumat verilib.
Palçıq Vulkanları Turizm Kompleksində davam edən turda xarici media nümayəndələri palçıq vulkanlarının xüsusiyyətləri və maketi ilə tanış olublar. Onlara Azərbaycanın müxtəlif bölgələrindən toplanmış 80-ə yaxın nadir mineral haqqında məlumat verilib.
Mediatur İçərişəhərdə yekunlaşıb.
***
Qeyd edək ki, Bakıda ilk dəfə Formula 1 yarışları 2016-cı ildə keçirilib. Azərbaycan Qran-Prisinin yarış yolu (Bakı Şəhər Halqası) 6003 metrdir. Yarışçılar bu halqada ümumilikdə 51 dövrə (306,049 km) vururlar.
Formula 1-in 2024-cü il təqvimi Bəhreyn Qran-Prisi ilə (29 fevral – 2 mart) başlayıb və indiyədək 16 mərhələ arxada qalıb. Azərbaycan Qran-Prisi sayca 17-ci mərhələdir. İlin sonunadək daha yeddi mərhələ var. 2024-cü ilin Formula 1 təqvimi Əbu-Dabi Qran-Prisi (6–8 dekabr) ilə başa çatacaq.