Azərbaycan

 

15 sentyabr 1905 – Azərbaycanda kukla teatrının yaradıcısı, aktyor, rejissor Molla Ağa Bəbirli (1905 – 22.10.1970) Bakıda anadan olub. “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib, Akademik Dram Teatrında çıxış edib.

15 sentyabr 1918 – Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı – “Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxıb.

15 sentyabr 2006 – Görkəmli bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (28.7.1935 – 2006) vəfat edib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.

15 sentyabr 2007 – Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17.6.1926 – 2007) vəfat edib. “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.

15 sentyabr 2021 – Əməkdar artist, tanınmış arfa ifaçısı Çiçək Məmmədhüseyn qızı Rzayeva (13.6.1944 – 2021) vəfat edib.

15 sentyabr 2021 – Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçirilib. Abidənin müəllifi həmvətənimiz, Ukraynanın Xalq rəssamı, heykəltaraş Katib Məmmədovdur.

15 sentyabr 2022 – Əməkdar mədəniyyət işçisi, musiqi təşkilatçısı İldırım Əli-Nazir oğlu Qasımov (7.12.1933 – 2022) vəfat edib.

15 sentyabr 2022 – Əməkdar elm xadimi, nizamişünas, tərcüməçi, mətnşünas, filologiya üzrə elmlər doktoru Xəlil Həmid oğlu Yusifli (17.7.1935 – 2022) vəfat edib.

 

16 sentyabr 1909 – Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (1909 – 22.4.1983) Bakıda doğulub. “Sevil” (1929), “Almaz” (1936) filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.

16 sentyabr 1934 – Əməkdar incəsənət xadimi, pianoçu, professor Elmira Yusif qızı Səfərova (1934-1997) Bakıda anadan olub.

16 sentyabr 1995 – Prezident Heydər Əliyev görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

16 sentyabr 2000 – Əməkdar incəsənət xadimi, rejissor Nazim Hüseynqulu oğlu Abbasov (14.12.1938 – 2000) vəfat edib. Bədii (“Dvorjakın melodiyası”), sənədli və televiziya filmlərinin rejissoru olub.

16 sentyabr 2002 – Tanınmış aktyor Bahadur Atabala oğlu Əliyev (24.2.1933 – 2002) vəfat edib. “Ulduz”, “Böyük dayaq” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.

16 sentyabr 2014 – Prezident İlham Əliyev tanınmış şair, Dövlət mükafatı laureatı Rəfiq Zəka Xəndanın 75 illik yubileyi haqqında sərəncam imzalayıb.

16 sentyabr 2021 – Əməkdar mədəniyyət işçisi, dirijor Nizami Tahir oğlu Məmmədov (21.9.1947 – 2021) vəfat edib.

 

17 sentyabr 1946 – Xalq artisti, müğənni Səməd Səmədov (1946 – 24.7.2021) anadan olub.

17 sentyabr 1950 – Əməkdar mədəniyyət işçisi, tanınmış xalça ustası Zəhra Gülbala qızı Əliyeva (1950 – 25.5.2023) Bakıda anadan olub.

17 sentyabr 1956 – Rəssam, heykəltaraş Müslüm Ömər oğlu Eldarov (1956-2003) Bakıda doğulub. Bakı İncəsənət Mərkəzinin (“Yeni Gallery”) yaradıcılarından biri olub.

17 sentyabr 2004 – Teatr rejissoru, Əməkdar incəsənət xadimi Məbud İbrahim oğlu İsmayılzadə (24.3.1927 – 2004) vəfat edib. Lənkəran Dram Teatrının bədii rəhbəri və direktoru olub.

17 sentyabr 2013 – Parisdə, UNESCO-nun mənzil-qərargahında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilmiş tədbirlər keçirilib.

17 sentyabr 2014 – Xalq artisti, vokal ifaçısı Eldar Balağa oğlu Axundov (15.3.1949 – 2014) vəfat edib. Müdafiə Nazirliyi Nümunəvi Hərbi Orkestrinin solisti olub.

 

Dünya

 

15 sentyabr 1789 – Amerika yazıçısı Ceyms Fenimor Kuper (James Fenimore Cooper; 1789 – 14.9.1851) anadan olub. Tarixi və macəra romanlarının müəllifidir: “Casus”, “Dəniz qulduru”, “Losman”, “Sonuncu mogikan”, “Ləpirçi” və s.

15 sentyabr 1890 – İngilis yazıçısı, detektiv əsərlərin müəllifi Aqata Kristi (Agatha Mary Clarissa; 1890 – 12.1.1976) anadan olub. Əsərləri: “Rocer Ekroydun qətli”, “Yarımçıq portret”, “Şərq ekspressində qətl”, “Nildə ölüm” və s.

15 sentyabr 1894 – Fransız kinorejissoru, “Oskar” laureatı Jan Renaur (1894–1979) anadan olub. Filmləri: “Böyük illüziya”, “Marselyoza”, “Fransız kankanı” və s.

15 sentyabr 1914 – Türk yazıçısı Orxan Kamal (Mehmet Raşit Öğütçü; 1914 – 2.6.1970) Adananın Ceyhan qəsəbəsində doğulub. “Baba evi”, “Cəmilə”, “Yad qızı”, “Qürbət quşları” kimi romanları, “Çörək davası”, “Arxa küçə” və s. hekayələri yazıçıya geniş oxucu rəğbəti qazandırıb.

15 sentyabr 1925 – Rus aktyoru, SSRİ Xalq artisti Kirill Lavrov (1925-2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Odun ram edilməsi” və s.

 

16 sentyabr 1462 – İtalyan filosofu Pyetro Pomponassi (Pietro Pomponazzi; 1462-1525) anadan olub.

16 sentyabr 1888 – Finlandiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1939) laureatı Frans Emil Sillanpyya (Frans Eemil Sillanpaa; 1888-1964) anadan olub. Əsərləri: “Həyat və günəş”, “Adamlar yay gecəsində”, “Cavanlığında vəfat etmiş”.

16 sentyabr 2016 – Məşhur türk kinoaktyoru, yazar Tarık Akan (Tarık Tahsin Üregül; 13.12.1949 – 2016) vəfat edib.

 

17 sentyabr 1908 – Amerika yazıçısı, detektiv romanlar müəllifi Con Krizi (John Creasey; 1908-1973) anadan olub.

17 sentyabr 1931 – İtalyan əsilli Amerika aktrisası, “Oskar” laureatı Enn Benkroft (Anne Bancroft – Anna Maria Louisa Italiano; 1931-2005) anadan olub. Filmləri: “Məzun”, ”Nazaretli İsa”, “Əsgər Ceyn” və s.

17 sentyabr 1939 – Tanınmış rus aktyoru və rejissoru, Rusiyanın Xalq artisti Vladimir Valentinoviç Menşov (1939 – 5.7.2021) Bakıda anadan olub. Filmləri: “Moskva göz yaşlarına inanmır” (“Oskar” mükafatı, 1981), “Məhəbbət və göyərçinlər” (hər ikisində rejissor və aktyor) və s.

Hazırladı: V.Orxan