Arif Məlikov böyük müəllim kimi də yaddaşlarda yaşayır

 

13 sentyabr. İlk baxışdan sıradan bir payız günü. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 309 nömrəli otağında isə bu gün ən əlamətdar günlərdən biri kimi uzun illərdən bəri qeyd olunur.

Dahi bəstəkarımız, musiqimizin əvəzsiz xəzinəsi Arif Məlikovun (1933–2019) doğum günü. Artıq beş ildir ki 13 sentyabr tarixində bu otağa toplaşan Bəstəkarlıq kafedrasının professor-müəllim heyəti, tələbələr dahi bəstəkarın ad gününü qeyd etmək üçün deyil, onun xatirəsini yad etmək üçün toplaşırlar.

Tələbələrinin sevimli müəllimi, kafedranın heyəti üçün diqqətli, qayğıkeş rəhbər olan Arif Məlikov ilə hər dərs misilsiz dəyərə malik, kənardan adi görünə biləcək söhbət belə sanki böyük bir məktəb idi. O, tələbələrlə bəstəkarlıq sənətinin sirlərinə dair səmimi, maraqlı söhbətlər etməklə, sənət xatirələrini bölüşməklə yanaşı, dərs prosesinə də bir o qədər ciddi yanaşırdı. Tələbələrə qayğısını əsirgəmir, onların tədris proqramını mükəmməl mənimsəməsi üçün əlindən gələn hər köməyi edirdi. Onun təşəbbüsü ilə tələbələrinin Moskvada Böyük Teatrın səhnəsində “Məhəbbət əfsanəsi” baletinin premyera tamaşasında iştirak etməsi hələ də onlar tərəfindən qiymətli bir hadisə kimi qeyd olunur.

Bəlkə də mükəmməl müəllim olmağı o öz müəllimi Qara Qarayevdən öyrənmişdi. Arif Məlikovun məhz dahi Q.Qarayevin sinfində təhsil alması onun ilk böyük şansı olmuşdur desək, yanılmarıq. Q.Qarayev öz tələbələri ilə dərslərində musiqinin ən xırda sirlərini o qədər mükəmməlliklə bölüşüb izah edirdi ki, bu, tələbələrinin müasirliyə doğru çəkinmədən, inamla addımlamaları üçün zəmin olurdu. Bunu Arif müəllim Q.Qarayevlə bağlı xatirələrindən bəhs edərkən dəfələrlə vurğulayıb.

Məhz bu dərslərin nəticəsi olaraq Arif Məlikov yaradıcılıq həyatının ən böyük uğuru hesab edilən, ona gənc yaşında dünya şöhrəti gətirən, Fərhad və Şirinin məhəbbət hekayəsindən bəhs edən möhtəşəm “Məhəbbət əfsanəsi” baletini yaradır. Nazim Hikmətin librettosu əsasında yazılan bu baletin musiqisi ecazkarlığı ilə dünya musiqi sənətini bu günə qədər öz sehrinin əsarətində saxlayır. Demək olar ki, hər bir notunda Şərq koloriti, muğam intonasiyaları, milli lad elementlərinin duyulduğu baletin dünya səhnələrini fəth etməsi bir daha musiqi məfhumunun insanın dinindən, millətindən asılı olmayaraq, qəlblərə yol tapan möhtəşəm qüvvəyə malik olmasının sübutudur.

Bu gün Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasında Arif Məlikov cismani olaraq yoxdur. Lakin vaxtilə onun tələbələri olan və bu gün onun qoyduğu yol ilə gedən kafedranın müəllimləri Arif Məlikov missiyasının davamçıları hesab oluna bilərlər. Onlar öz müəllimlərindən öyrəndikləri kimi bu sənət yolunda gənc bəstəkar nəslinin peşəkar səviyyədə yetişməsi üçün bilik və təcrübələrini əsirgəmirlər.

Arif Məlikov beş ildir ki, xatirələrdə yad edilir. Onun əsərləri, “Məhəbbət əfsanəsi” kimi musiqi inciləri isə sənət aləmində ölümsüzlük qazanıb və öz müəllifini də əbədi yaşadacaq.

Sevinc Əlləzova
Ü.Hacıbəyli adına BMA-nın Bəstəkarlıq kafedrasının müəllimi