Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə sentyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində keçirilən Türkiyənin “Lagom” simli kvartetinin konserti yeni başlanan sənət mövsümünün yaddaqalan hadisələrindən olacaq.
Konsert həmişə adət etdiyimiz tədbirlərdən müəyyən dərəcədə fərqlənirdi. Əvvəla, isti yay günlərindən sonra keçirilən konsert növbəti mövsümdə möhtəşəm klassik musiqi tədbirlərinin başlanmasının ilk müjdəçisi idi. Ən əsas səbəb isə dünyaşöhrətli Azərbaycan bəstəkarı, Xalq artisti, UNESCO-nun “Sülh artisti”, professor Firəngiz Əlizadənin əsərlərinin səslənməsi idi.
Ölkəmizdə “Formula 1” yarışının keçirildiyi ərəfədə Beynəlxalq Muğam Mərkəzinə olan yolların əksər hissəsi bağlı idi. Buna baxmayaraq, piyada şəkildə yolları keçib gələn musiqisevərlər klassik musiqinin ecazkar sədalarını dinləmək üçün təşrif buyurmuşdular. Saat 20:00-da başlayacaq konsertin məkanında yerlər vaxtından xeyli əvvəl dolmuşdu. Hətta arxa sıralarda dayanaraq klassik musiqini səbirsizliklə gözləyən çox sənətsevər vardı. Çoxdan idi ki, belə dolub-daşan salonda klassik musiqi həvəskarlarının yığışdığını müşahidə etməmişdik.
“Lagom” kvarteti Türkiyənin Bilkənd Universitetinin 2021-ci ildə məzun olan gənc musiqiçiləri tərəfindən təşkil olunub. Kvartetin adı “musiqidə səslərin balansının saxlanılması” mənasını verir. Kvartetin belə adlanması isə təsadüfi deyildir, çünki əsas məqsəd repertuara dinləyicilər tərəfindən rəğbətlə qarşılanan əsərlərin daxil edilməsidir. Qeyd edək ki, “Lagom” kvartetinin repertuarına dünyanın məşhur bəstəkarlarının əsərləri daxildir.
Kvartetin tərkibinə azərbaycanlı violin ifaçısı Hüseynəli Hüseynəliyev (birinci violin), qırğızıstanlı Aliyə Okeyeva (ikinci violin), türk musiqiçiləri – viola ifaçısı Semih Tercan və violonçel ifaçısı Yaşar Koroğlu daxildir. Sevindirici haldır ki, qısa zaman müddətində şöhrət qazanmış kvartetin rəhbəri məhz azərbaycanlıdır.
Proqrama Firəngiz Əlizadənin “Muğamsayağı” və “Rəqs”, türk bəstəkarları Kamran İncenin “Curve” və Fazil Sayın “Ailə” (“Simli kvartet. Op. 29”) əsərləri daxil idi.
Kvartetin rəhbəri H.Hüseynəliyev tamaşaçıları heyətlə tanış etdikdən sonra Bakı konserti ilə bağlı fikirlərini bölüşdü. O, həmçinin hər ifadan əvvəl əsər haqqında annotasiya verərək, dinləyicilərin daha da marağına səbəb olurdu.
Konsert Firəngiz Əlizadənin “Muğamsayağı” əsəri ilə başladı. Qeyd edək ki, “Muğamsayağı” əsəri ilk dəfə 1993-cü ildə Amerika Birləşmiş Ştatlarında ifa olunduqdan sonra dünyanın mötəbər konsertlərində daim səslənir. H.Hüseynəliyev bildirdi ki, kvartet bu əsəri ifa etdikdən sonra tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb və böyük uğura səbəb olub. Buna görə də “Muğamsayağı” artıq kvartetin daimi repertuarına daxil edilib. Səhnə tərtibatı da əsərin dərin fəlsəfəsini özündə əks etdirirdi. Qaranlıq fonda səhnədə parlayan bir işığın ətrafında toplaşan musiqiçilər sanki muğam ocağına yığışaraq, onu dərk etməyin yollarını axtarırdılar.
Əsərlərində müasirlik təzahür olunan F.Əlizadənin daxili aləmi muğam musiqisini ehtiva edir və bu xüsusiyyət bəstəkarın “Muğamsayağı” əsərində təsdiqini tapıb. Onun əsərlərində daxili dünyasının təməli olan muğam vasitəsilə xalqının mənəvi aləmindən irəli gələn istək və düşüncələri əks olunub. Firəngiz xanımın əsərləri məhz bu özünəməxsusluğuna görə dünya musiqiçilərinin diqqətini cəlb edir. Bəstəkarın Şərq və Qərb kontekstində əsərinin mahiyyətini, dərin fəlsəfəsini duyan kvartet üzvləri həmin gün bu hissi bir daha dinləyicilərə yaşatdılar.
Amerikada yaşayan türk bəstəkar Kamran İncenin əsərləri minimalizm üslubundadır. Kvartetin ifasında bəstəkarın “Curve” əsəri səsləndi. Bu əsər bədii məzmun baxımından “qövslər” mənasını verir. Əsərdə səslərin hərəkəti sanki reallıqda olan qövslərin birləşməsini və yaxud qarşılaşmasını ifadə edir.
Digər musiqi nömrəsi tanınmış türk bəstəkarı və pianoçusu Fazil Sayın üçhissəli “Ailə” əsəri oldu. Əsər haqqında çıxış edərkən H.Hüseynəliyev söylədi ki, bu əsər bəstəkarın şəxsi həyatının, uşaqlıq xatirələrinin təzahürü kimi yaranıb. Əsərin hər bir hissəsi ailədaxili baş verən hadisələri əks etdirir və musiqinin ruhu da bu istiqamətə köklənib.
Qeyd etməliyik ki, Fazil Sayın yaradıcılığı azərbaycanlı musiqiçilərə tanışdır, çünki Türk dünyasının bu görkəmli bəstəkarı və pianoçusu Bakıda da konsert proqramı ilə çıxış edib. “Lagom” kvartetinin ifasında Fazil Sayın əsəri sürəkli alqışlarla qarşılandı.
Firəngiz Əlizadənin “Muğamsayağı” əsəri ilə başlayan konsert bəstəkarın “Rəqs” əsəri ilə tamamlandı. Bununla da kvartet üzvləri onları Bakıya dəvət etmiş professor Firəngiz Əlizadəyə təşəkkürlərini ifadə etmiş oldular.
Anşlaqla keçən konsert sübut etdi ki, klassik musiqi insanların ruhuna mənəvi bir qidadır və klassik musiqi öz nümunəvi cəhətləri ilə insanlara xoş ovqat aşılayır. Və möhtəşəm konsertin, bu klassik musiqinin sədaları əminik ki, uzun zaman tamaşaçıların yaddaşından silinməyəcək. Sonda bir daha “Lagom” kvartetinin üzvlərinə uğurlar arzulayır və onları yenidən Bakıda dinləmək istəyilə təşəkkür edirik.
Aytən Babayeva
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent