Leyla Bəyim: “Çox istəyirdim ki, bu filmi Bakıdakı əziz həmvətənlərim də görsünlər”

 

Çexiyada fəaliyyət göstərən “Natəvan” Cəmiyyətinin təşəbbüsü ilə sentyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində “All + about = Love, To Be or to Be?” (“Hamısı haqqında = Sevgi, olmaq və ya olmaq”) adlı musiqili kino axşamı keçirilib.

Cəmiyyətə azərbaycanlı şairə, yazıçı, diaspor fəalı Leyla Bəyim (Cəfərova) rəhbərlik edir.

Gecədə iki qısametrajlı film – “To Be or to Be?” (rejissor Leyla Bəyim, prodüser Boris Qoldberq, Bakıdakı çəkilişlərin art-direktoru Ülviyyə Axundova; ABŞ-Çexiya) və “Divarın o tayında” (rejissor və prodüser Azər Ağalarov; Almaniya-İspaniya) nümayiş etdirilib. Beynəlxalq festivallarda nümayiş olunmuş hər iki ekran əsəri həm Azərbaycanda, həm də xaricdə yaşayan azərbaycanlı yaradıcı ziyalıların nümayəndələrinin iştirakı ilə ərsəyə gətirilib.

Gecənin musiqi hissəsi Qara Qarayev adına Azərbaycan Kamera Orkestrinin ifasında təqdim olunub. Qara Qarayevin və Bedriç Smetananın əsərləri səsləndirilib.

Tədbirdə həmçinin Ülviyyə Adıgözəlin ifasında “You and I” və Mariya Cəfərovanın ifasında “Məryəmin laylası” mahnılarının videopremyerası, xoreoqraflar və rəqqasələr Alek Ağalarov və Faye Anderson-Ağalarovanın klipi, habelə məşhur cazmen, pianoçu Salman Qəmbərovun ifasında “Angel in the Night” (“Gecənin mələyi”) kompozisiyası və Qasım Xəlilovun (klaviaturalar – Dmitri Miroşniçenko, saksofon – Teymur Süleymanbəyli) ifasında ariyalar təqdim edilib.

Bundan başqa, Leyla Bəyimin librettosu əsasında bəstəkar Elxan Məmmədovun “İmmolatio” rok operasının gələcək layihəsi açıqlanıb.

Tədbirin rejissoru Azər Ağalarov, aparıcıları Leyla Bəyim və Ülviyyə Axundova olublar.

Leyla Bəyim bildirib ki, bu tədbir onun üçün böyük mədəniyyət hadisəsinə çevrilib. “To Be or to Be?” filmi Qərb və Şərq sivilizasiyasının iki mərkəzi, bir-birinə ruhən çox yaxın olan iki gözəl şəhər – Bakı və Praqa arasında körpü qurur. Əbəs yerə deyil ki, “Yerin mərkəzinə səyahət” kitabının müəllifi – mənim qəhrəmanım 298 yaşında “yerin mərkəzini” öz gözləri ilə görmək üçün səyahətə çıxıb... Bu kino səyahəti Avropa film festivallarında yüksək qiymətləndirilib. Çox istəyirdim ki, gözəlliyi və enerjisi ilə bənzərsiz olan bu filmi əziz həmvətənlərim, Bakı şəhərinin sakinləri də görsünlər”, – deyə o vurğulayıb.