Azərbaycanın beynəlxalq televiziya kanalı CBC-nin ərsəyə gətirdiyi “İrəvanın gizli irsi” filmi Niderlandın paytaxtı Amsterdamda keçirilən “Around” beynəlxalq film festivalının (ARFF) “Ən yaxşı sənədli film” nominasiyası üzrə namizədlər siyahısına daxil edilib.

Filmdə onilliklər ərzində Ermənistanın sistematik olaraq Azərbaycan tarixi-mədəni irsini silməyə, İrəvanın qurucularını və keçmiş sakinlərini unutdurmağa, azərbaycanlılar haqqında hər hansı bir qeydi məhv etməyə çalışdığı diqqətə çatdırılır.

Qeyd edək ki, CBC telekanalının çəkiliş qrupu İrəvanda olub, vaxtilə azərbaycanlıların kompakt yaşadığı məhəllələrə baş çəkib. O cümlədən şəhərdə vaxtilə Təpəbaşı məscidinin yerləşdiyi və hazırda erməni ailələrinin məskunlaşdığı ərazidə də çəkilişlər aparılıb. Müəyyən edilib ki, fransız və amerikalı investorlar məscidin qalıqlarını əvvəllər azərbaycanlıların yaşadıqları məhəllə ilə birlikdə sökməyi planlaşdırırlar.

Telekanalın çəkiliş qrupu həmçinin Qarabağ xanlığının qurucusu Pənahəli xanın oğlu Əlixanın evində də olub, İrəvan şəhərinin yaxınlığında yerləşən Cəfərabad kəndindəki Pir Hüseyn türbəsinə baş çəkib, Göy məscidin daxilində və xaricində çəkilişlər aparıb.

Əlavə edək ki, “Around” beynəlxalq film festivalı IMDb (Internet Movie Database – filmlərin məlumat bazası) mükafatlarına namizəd olan bədii, sənədli və qısametrajlı filmlərin təqdim edildiyi müstəqil illik tədbirdir.