Xalqların Mənəvi Birliyi Beynəlxalq Fondunun (Moskva) prezidenti professor Valeri Alekseyev, Rusiyanın Azərbaycandakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov Azərbaycan Milli Kitabxanasında olublar.
Qonaqları salamlayan Milli Kitabxananın direktoru professor Kərim Tahirov Azərbaycan-Rusiya əlaqələrinin digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf etdiyini bildirib. Direktor zəngin rusdilli ədəbiyyata malik Azərbaycan Milli Kitabxanasının Rusiya Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası və digər kitabxanalarla sıx əlaqələrinin olduğunu, kitab və təcrübə mübadiləsinin həyata keçirildiyini, təşkil edilən tədbirlərdə, sərgilərdə qarşılıqlı iştirakın təmin olunduğunu diqqətə çatdırıb.
Professor Valeri Alekseyev görüş üçün Kərim Tahirova təşəkkür edib. Biliklərin ötürülməsi vasitəsi kimi kitabın əhəmiyyətindən danışan qonaq bildirib ki, rəhbərlik etdiyi fond 30 ildir fəaliyyət göstərir. Fondun nəşriyyatı müxtəlif mükafatlara layiq görülüb. O, 12 cilddən ibarət “Rus klassik yazıçıları və pravoslavlığı” tematik seriyası haqqında məlumat verib. Qeyd olunub ki, 2003-cü ildən fond tərəfindən kütləvi tirajla nəşr olunan kitab seriyası F.Dostoyevski, N.Qoqol, F.Tyutçev, İ.Krılov, A.Puşkin, A.Axmatova, N.Rubtsov, M.Lermontov, S.Yesenin, V.Şukşin, V.Şoloxov və M.Lomonosovun yaradıcılığını əhatə edir.
Valeri Alekseyev əlavə edib ki, 2023-cü ilin MDB-yə üzv ölkələrdə “Rus dili ili” elan olunması ilə bağlı fond həmin ölkələrdə bu kitab kolleksiyasının ictimaiyyətin, tanınmış ədəbiyyat, mədəniyyət nümayəndələrinin, ali məktəb müəllimlərinin və s. iştirakı ilə təqdimatı və kitabxanalara hədiyyə edilməsi təşəbbüsü ilə çıxış edib. Qırğızıstan, Tacikistan, Özbəkistan və Belarusda keçirilmiş təqdimatlar zamanı 7 mindən çox kitab kitabxanalara hədiyyə edilib. A.Puşkinin 225 illik yubiley tədbirləri çərçivəsində bu ilin oktyabrında Bakıda da belə bir təqdimatın keçirilməsini arzuladığını deyən V.Alekseyev Milli Kitabxanaya kolleksiyadan olan kitablardan təqdim edib.
Qonaqlara “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitabı hədiyyə olunub.
Görüşdə Bakıdakı Rus Evinin əməkdaşları Yelena Svileva və Lalə Həsənova da iştirak ediblər.
Sonda qonaqlar Milli Kitabxana ilə tanış olublar.