Bu il sərgi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub
Paytaxtımız növbəti dəfə beynəlxalq kitab bayramına ev sahibliyi edəcək. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən keçirilən Bakı Beynəlxalq Kitab Sərgisi bu il 10-cu dəfə kitabla bağlı və kitaba bağlı olan hər kəsi – naşirləri, yazarları, kitabın çapı, yayımı ilə məşğul olan təsisatları, kitabxanaları, bu sahədə aidiyyəti dövlət qurumlarını bir araya gətirəcək.
Cənubi Qafqazda bu sahədə ən böyük tədbir sayılan Bakı Beynəlxalq Kitab Sərgisi ötən müddətdə mütaliə mədəniyyətinin təşviqi, yazıçılar və oxucular arasında görüşlər üçün maraqlı platformaya çevrilib. Sərgi yazarlarla nəşriyyatların işgüzar münasibətlərinin qurulması, kitab biznesinin inkişafı, müasir ədəbiyyatın və xüsusilə gənc müəlliflərin təbliğatına öz töhfəsini verir.
2–8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək builki sərgi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494–1556) 530 illiyinə həsr olunub.
Bu il də sərgidə bir sıra ölkələrdən müvafiq sahənin nümayəndələri iştirak edəcək. Sərgi günlərində yazarların imza mərasimləri, təqdimat və müxtəlif səpkili tədbirlər təşkil olunacaq.
***
X Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə təmsil olunacaq Azərbaycan Milli Kitabxanası da maraqlı tədbirlər keçirməyi planlaşdırır. Kitabxana bu il ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” və Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını daşıması ilə bağlı sərgilər təşkil edəcək. Eyni zamanda əlamətdar il münasibətilə nəşr olunan biblioqrafiya və iqlim dəyişikliyi mövzusunda elektron məlumat bazasının təqdimatları olacaq.
Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı ekspozisiyanın və “Məhəmməd Füzuli – 530” adlı biblioqrafik nəşrin də təqdimatı nəzərdə tutulub.
Beynəlxalq sərgi çərçivəsində, həmçinin Azərbaycan Milli Kitabxanasında Macarıstan Milli Seçeni Kitabxanasının daimi guşəsinin açılması, Gürcüstan Milli Parlament Kitabxanası, Mərakeş Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında memorandumların imzalanması gözlənilir.
Lalə