Sankt-Peterburq Mədəniyyət Forumunda ölkəmiz də təmsil olunur

 

11–14 sentyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu keçirilir. Forumda Azərbaycan da təmsil olunur.

“XXI əsrin mədəniyyəti: suverenlik, yoxsa qlobalizm?” mövzulu builki forumun tematik panellər, dəyirmi masalar, görüşlər, təqdimat və sərgilər, konsertlərdən ibarət zəngin proqramı var.

Forumun rəsmi açılışı sentyabrın 12-də olub. Mərasimdə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

Həmin gün “XXI əsrdə musiqili teatr”, “Mədəniyyətdə və milli suverenlikdə süni intellekt”, “İnam ənənələri və mədəniyyəti. Gələcəyə gedən yol”, “Avrasiya tərəfdaşlığına gedən yolda” və s. mövzularda panel toplantıları keçirilib.

“MDB ölkələrinin kinematoqrafiyası. Ümumi keçmiş, suveren indiki, çoxqütblü gələcək” mövzulu panelin çıxışçıları arasında Azərbaycandan kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev də yer alıb. Kino ilə bağlı daha bir panel (“Film irsi: keçmişin və ya indinin mədəni kodu”) sentyabrın 13-də keçiriləcək.

“MDB ölkələri – yaxınlaşma yolları” panelində teatr sənəti müstəvisində inteqrasiya imkanları nəzərdən keçirilib. Paneldə Azərbaycan mədəniyyət nazirinin müşaviri Əməkdar artist Oleq Əmirbəyov da iştirak edib.

“Tarixi binalarda muzeylər. Mədəni irsin qorunub saxlanılması və milli kimliyin formalaşması mexanizmi” mövzusunda paneldə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova iştirak edib.

Sentyabrın 13-də keçiriləcək “İrs hüququ: sivilizasiyaların dialoqu” mövzulu panel diskussiyasında isə Azərbaycandan AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev çıxışçılar siyahısındadır.

Forumun son günü – 14 sentyabrda Ermitaj Mükafatının ikinci təqdimatı olacaq. Mükafat Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən 2023-cü ildə təsis edilib. Mükafat Rusiyadan və xaricdən iki aparıcı mədəniyyət xadiminə mədəniyyət və incəsənət, beynəlxalq mədəni dialoqun gücləndirilməsi sahəsində nailiyyətlərinə görə verilir. Builki mükafatçılardan biri Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, Xalq artist Polad Bülbüloğludur.