Qədim Gəncədə “Nizami günləri” keçirilir

 

11-15 sentyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin (1141–1209) xatirəsinə həsr olunmuş “Nizami günləri” keçirilir.

Sentyabrın 11-də Nizami məqbərəsinin qarşısında layihənin açılış mərasimi olub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, mədəniyyət xadimləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən akademik Rafael Hüseynov Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş söz açıb.

Gəncə Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında “Beş qapı” tamaşası ilk dəfə nümayiş olunub.

Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşanın libretto müəllifi Şahin Musaoğlu, bəstəkarı Tamilla Əhədovadır.

Dahi şairin rəngarəng ideyalar aləminə işıq salan yeni səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Layihənin ilk günü konfrans da təşkil olunub.

Konfransı giriş sözü ilə açan akademik Rafael Hüseynov “Nizami günləri”nin əhəmiyyətini yüksək qiymətləndirib.

Rafael Hüseynovun “Nizami Gəncəvi ədəbi məktəbinin Şərq və Qərb ədəbi-mədəni təfəkküründə yeri”, filologiya üzrə fəlsəfə doktoru İlahə Hacıyevanın “Anadilli “Xəmsə” ardıcılları: bütöv və fraqmentar cavablar”, Əməkdar rəssam Elçin Hami Axundovun “Nizami şəxsiyyəti və irsinin animasiya həllinin problemləri və “Xəmsə” süjetləri”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı” mövzularında məruzələri dinlənilib.

Bildirək ki, “Nizami günləri” çərçivəsində böyük söz ustadının şeirlərindən ibarət qiraət axşamı, muğam və klassik romanslardan ibarət konsert proqramı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı rəqs heyətinin konserti və Əfrasiyab Bədəlbəylinin “Nizami” operasının nümayişi olacaq.