AMEA Şəki Regional Elmi Mərkəzinin arxeoloji ekspedisiyası rayonun Baş Şabalıd kəndi ərazisində ilk dəfə arxeoloji qazıntı işləri aparıb və uğurlu nəticələr əldə edib.

Kəndin ərazisində üç məkanda aparılan qazıntı işləri zamanı maraqlı tarixi faktlar, maddi mədəniyyət nümunələri üzə çıxarılıb. Aşkar edilən maddi-mədəniyyət nümunələrinin ilkin tədqiqi deməyə əsas verir ki, Baş Şabalıdın tarixi düşünüləndən daha qədimdir.

Baş Şabalıd kəndi təkcə Şəkinin deyil, bölgənin ən qədim yaşayış məskənlərindən sayılır. Kənddə yaşı dörd əsrə yaxın olan müsəlman qəbiristanlığı, dağılsa da, günümüzə gəlib çatan, ciddi tədqiqata və bərpaya ehtiyacı olan alban məbədi, eləcə də digər qədim tikililərin qalıqları mövcuddur. Məhz bu və digər xüsusiyyətlər Şəki Regional Elmi Mərkəzi arxeoloqlarının diqqətini cəlb etdiyindən ərazidə qazıntılar aparılıb.

Arxeoloqların kəndin ərazisində diqqətini cəlb edən ilk məkan el arasında “Gürzan” adlanan dərə olub. Həmin yer kənd sakinlərinin dağ yoludur. Onilliklər boyu dərəyə sel sularının gəlməsi nəticəsində dərə yatağı dərinləşib, ətrafında aşınmalar olub. Bununla da ərazidəki daş qutu qəbirlər üzə çıxıb.

Ekspedisiyanın rəhbəri Elşən Abdurahmanov bildirib ki, sakinlərin müraciəti əsasında əvvəlcə dərədəki daş qutu qəbirlərə baxış keçirilib. Daha sonra kəndin bir neçə yerində araşdırma aparılıb. Daş qutu qəbirin tədqiqi zamanı onun VII-IX əsrlərdə yaşayan albanlara məxsus olduğu müəyyən edilib.

Ekspedisiyanın “Ocaqyanı” adlanan ərazidə apardığı tədqiqatlar zamanı isə antik dövrə aid “Yaloylutəpə” mədəniyyətinin nümunələri olan müxtəlif keramika qalıqları aşkarlanıb. Rəngsiz keramikalar, üçayaqlı keramik qab nümunələri, küp qırıqları və s. materiallar həmin dövrün mədəni inkişafının göstəricisidir.

Arxeoloqların növbəti tədqiqat ünvanı isə kəndin şərq hissəsində, təpənin üzərində yerləşən alban məbədinin ərazisi olub. Qazıntılardan məlum olub ki, VI-VII əsrlərdə inşa edilən bu məbəddən XII əsrə kimi istifadə edilib. Ümumiyyətlə, kənd ərazisində aparılan tədqiqatlar yaşayış məntəqəsinin eradan əvvəl III əsrdən, yəni “Yaloylu təpə” mədəniyyətinə aid olan dövrdən XII əsrə qədər davamlı yaşayış məskəni olduğunu deməyə əsas verir. Həmçinin ərazidən antik dövr və ilk orta əsrlər Albaniyasına aid olduğu güman edilən çox sayda tarixi maddi mədəniyyət nümunələri tapıb.

Ekspedisiyanın rəhbəri deyib ki, bu qədim yaşayış yerinin tarixi-mədəni təbəqəsini tam şəkildə üzə çıxarmaq üçün daha geniş və uzunmüddətli araşdırmalara ehtiyac var.