Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş “Nizami günləri” davam edir.

11-15 sentyabr tarixlərini əhatə edən layihə çərçivəsində “Nizami klassik musiqidə” adlı gecə təşkil olunub.

Dirijor, Xalq artisti Rafael Bayramovun rəhbərliyi ilə Gəncə Dövlət Filarmoniyası Kamera orkestrinin müşayiətində Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Tural Abdullayev, solistlər Rüstəm Cəfərov, Elmir Pişnamazzadə, Samir Məmmədov, Vasif Bayramov, Zəminə Mustafayeva dahi şairin sözlərinə bəstələnmiş əsərləri ifa ediblər.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arazbarı" zərbi muğamı ilə başlayan gecədə bəstəkarın "Sənsiz", "Sevgili canan", Fikrət Əmirovun "Gülüm", Cahangir Cahangirovun “Gül camalın", Tofiq Quliyevin “Gözüm aydın, gözümə...”, Süleyman Ələsgərovun “Sərvi xuramanım mənim” əsərləri ifa olunub. Qiraətçilər Lalə Həsəncan və Məhəmməd Hacıyev Nizaminin qəzəllərini səsləndiriblər.

Gecə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.