Üçcildliyin nəşri tamamlanıb

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsində “Türkmənşəli arxaizmlər lüğəti” (XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında) leksikoqrafik əsərinin II və III cildləri işıq üzü görüb.

Dilçilik İnstitutundan bildirilib ki, bu fundamental lüğətə arxaizmlərin bütün növləri daxil edilib. Əsər Azərbaycan dili tarixinin leksikologiya, semasiologiya, sintaksis, morfologiya, fonetika sahələri üçün zəngin material mənbəyidir. “Türkmənşəli arxaizmlər lüğəti”ndə sözlərin tarixi xronologiyası tətbiq edildiyindən həm məna inkişafını, həm də işlənmə intensivliyini aşkar izləmək mümkündür.

Lüğətin elmi redaktoru Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, layihənin rəhbəri və ön sözün müəllifi institutun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovadır.

Lüğət üzərində Xədicə Heydərova, professorlar Qəzənfər Kazımov və Sevil Mehdiyeva, dosentlər Vahid Adilov, Vahidə Cəfərzadə, Teyyub Quliyev, Aynur Paşayeva və Türkan Əsgərova, filologiya üzrə fəlsəfə doktorları Reyhan Mədətova, Aynur Mahmud və Elnurə Abbasova, elmi işçi Rəxşanə Babazadə işləyiblər.

Lüğətin hazırlanmasında həm əlyazmalardan, həm də müasir dövrdə transfoneliterasiya olunmuş əsərlərdən istifadə olunub. Mənbələr “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsindən tutmuş XVIII əsrə qədər olan yazılı abidələri əhatə edir.

Lüğətin I cildi bu ilin əvvəlində çap olunub.