Yeni tədris ilinin başlanması ilə əlaqədar Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunmuş bütün məktəblərə şagird və müəllimlərin istifadəsi üçün 74 adda 350-dən çox kitab təqdim edib.

Dövlət İmtahan Mərkəzi işğaldan azad olunmuş bölgələrdə yerləşən, o cümlədən yeni istifadəyə verilən təhsil müəssisələrində Mərkəzin nəşrlərinin əlçatanlığını təmin etmək məqsədilə öz elmi-metodik vəsaitlərinin məktəblərə təqdim olunması layihəsini davam etdirir.

Qeyd olunan layihə çərçivəsində bu gün Şuşa şəhər 1 nömrəli tam orta məktəbi, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi, Xocalı şəhər 1 nömrəli tam orta məktəbi, Laçın şəhəri 2 nömrəli tam orta məktəbi, Laçın rayonu Zabux və Sus kənd tam orta məktəbləri, Füzuli rayonunda yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbinin kitabxanalarına Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi Azərbaycan dili, riyaziyyat, ingilis dili, ədəbiyyat, biologiya, tarix, ümumi tarix, fizika, kimya və coğrafiya fənləri üzrə yeni təhsil proqramlarına (kurikulum) uyğun qiymətləndirmə tapşırıqları kitabları, həmçinin fənlər üzrə test topluları, qabiliyyət imtahanları ilə bağlı vəsaitlər, lüğətlər, eləcə də “Abituriyent” jurnalının müxtəlif nömrələri hədiyyə edilib.

Xatırladaq ki, layihənin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub və gələcəkdə yeni istifadəyə verilən məktəblərə də lazımi elmi-metodiki vəsaitlər təqdim olunacaq.

Bu vəsaitlərdən şagirdlər, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər faydalana bilərlər. Qeyd edək ki, bu vəsaitlər ümumi təhsil məktəbləri üçün qüvvədə olan fənlər üzrə tədris proqramları və dərsliklər əsasında hazırlanmış DİM-in qəbul proqramlarına tam uyğundur.

“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitlərindən istifadə etməklə məktəblilərin təlim nailiyyətlərinin qiymətləndirilməsi həyata keçirilə, eləcə də həm diaqnostik, həm formativ, həm də summativ qiymətləndirmədə istifadə oluna bilər. Vəsaitdə hər bir bölməyə aid mövzuların sonunda həmin mövzu üzrə və hər bir bölmənin sonunda ümumiləşdirici tapşırıqlar təqdim edilib. Həmçinin bölmənin sonunda yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqlar var. Bu struktur qəbul imtahanına müstəqil hazırlaşanlara orta məktəbdə öyrəndikləri bilik və bacarıqları təkrar etməyə, tapşırıqları yerinə yetirmə bacarıqlarını inkişaf etdirməyə şərait yaradır.

Test toplularına isə DİM tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş test modelləri daxildir. Bununla yanaşı, tapşırıqların xeyli hissəsi heç bir imtahanda istifadə olunmayan suallardır. Test topluları şagirdlər, abituriyentlər və müəllimlər üçün dəyərli örnəkdir. Eyni zamanda, təlim-tədris prosesində biliyin qiymətləndirilməsində istifadə üçün faydalı vəsaitdir.