Azərbaycan mədəniyyətinə itki üz verib. Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Rafiq İbrahimov sentyabrın 13-də, ömrünün 69-cu ilində vəfat edib.
Rafiq Əli oğlu İbrahimov 2 noyabr 1955-ci ildə Bakıda anadan olub. Orta məktəb illərində Məmmədkamal Kazımovun rəhbərlik etdiyi Xalq teatrında dərnək üzvü olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Dram, kino aktyorluğu fakültəsini bitirib. Bir müddət institutun Tədris teatrında, Sumqayıt Dövlət Dram Teatrında fəaliyyət göstərib. Yaradıcılıq Fondunun “Sönməyən ulduzlar” teatrında çalışıb, dublyaj sahəsində məşğul olub. Pedaqoji fəaliyyət də göstərib, ADMİU-da səhnə danışığı fənnini tədris edib.
Aktyorun yaradıcılığının əsas hissəsi mərhum Xalq artisti Amaliya Pənahovanın yaratdığı Bakı Bələdiyyə Teatrı ilə bağlıdır. 1994-cü ildən bu teatrda çalışan Rafiq İbrahimov xarakterik obrazlar ustası olub. A.Məmmədovun “Dəli Domrul”unda Dədə Qorqud, N.Rəfibəylinin “Məhsəti”sində Şah, C.Cabbarlının “Dönüş”ündə Zaman, N.Hikmətin “Damokl qılıncı”nda Arxitektor, A.Qurbaninin “Türk sancağı”nda Məşədi Heydər və b. tamaşalarda oynadığı rollar maraqla qarşılanıb.
Kino yaradıcılığı da olan aktyor “Ağ atlı oğlan” (1995), “Hökmdarın taleyi” (2008), “Sonuncu dərviş” (2009) və s. filmlərdə çəkilib.
Rafiq İbrahimov 2002-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Rafiq İbrahimovun xatirəsi sənət tariximizdə, onu tanıyanların yaddaşında yaşayacaq.
Allah rəhmət eləsin.