Üç memorandum imzalanıb

 

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunda  Azərbaycan nümayəndə heyətinin tərkibində Milli İncəsənət Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova da iştirak edib.

Forumun “Tarixi binalarda muzeylər” adlı sessiyasında çıxış edən Şirin Məlikova bildirib ki, tarixi tikililərdə yerləşən muzeylər mədəni irsin qorunmasında mühüm rol oynayır. Bu cür unikal məkanlar yalnız eksponatların saxlanıldığı yerlər deyil, eyni zamanda memarlıq abidəsi kimi ziyarətçilərdə təkrarolunmaz təəssürat oyadır.

Forum çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumu Şirin Məlikova və Dövlət Ermitajının elmi işlər üzrə baş direktor müavini Georgi Vilinbaxov imzalayıblar. Sənəddə muzey işi və mədəni-tarixi irs obyektlərinin mühafizəsi sahəsində birgə əməkdaşlıq, Ermitajın AMİM-in Qərbi Avropa incəsənətinə aid eksponatlarının atribusiyasına yardım göstərməsi, bərpa məsələləri üzrə məsləhətləşmələr, mütəxəssislərin təcrübə mübadiləsi, eləcə də Azərbaycanda “Ermitaj günləri”nin keçirilməsi və digər məsələlər öz əksini tapıb.

Beynəlxalq tədbir çərçivəsində, həmçinin Milli İncəsənət Muzeyinin Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Rəssamlıq Akademiyasının Muzeyi (Sankt-Peterburq) ilə də əməkdaşlığına dair memorandumlar imzalanıb.

Memorandumların məqsədi muzeylər arasında qarşılıqlı əlaqəni genişləndirmək, bərpa, arxeoloji tədqiqatlar və muzey işi sahəsində təcrübə mübadiləsi aparmaqdır. Qeyd edilən tərəfdaşlıqlar incəsənət əsərlərinin tədqiqi və nümayişi üçün yeni imkanlar açacaq, həmçinin geniş auditoriyanın muzeylərin unikal kolleksiyalarına əlçatanlığını təmin edəcək.