Azərbaycan Turizm Bürosu (ATB) Avstriya paytaxtında Vyana Ticarət Palatası tərəfindən təşkil olunmuş 13-cü “Səyahət agentlikləri günü”ndə ilin seçilmiş destinasiyası qismində təmsil olunub.
Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə ATB ilə yanaşı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-ni təmsil edən “Aviareps” şirkəti və Avstriyanın “Elite Tours” şirkəti Azərbaycanı önəmli destinasiya kimi tanıdan xüsusi turizm təklifləri ilə çıxış ediblər.
180-dək turizm sənayesi nümayəndəsini bir araya gətirən tədbirdə ölkəmizin zəngin mədəni irsi və turizm təcrübəsi haqqında məlumat verilib.
ATB-nin baş icraçı direktoru Florian Zenqstşmid çıxışında Vyanadan Bakıya birbaşa uçuşların əhəmiyyətindən bəhs edərək bunun yalnız Avstriya ilə deyil, regionda digər hədəf ölkələrlə də turizm əlaqələrinin genişləndirilməsinə müsbət təsir edəcəyini bildirib.
O, Avstriyada ölkəmizlə bağlı mütəmadi olaraq keçirilən turizm tanıtımı və təbliğat tədbirlərinin intensivləşdiriləcəyini qeyd edib.
Tədbirin sonunda Azərbaycanın tanınmış caz pianoçusu İsfar Sarabskinin ifasında musiqi nömrələri səslənib.
Qeyd edək ki, Avstriya vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza” elektron sistemi tətbiq olunur.