AZƏRTAC-ın yetmişə yaxın əməkdaşı COP29 çərçivəsində keçiriləcək tədbirləri işıqlandıracaq.
Bu barədə agentliyin İdarə Heyətinin sədri Vüqar Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXXII iclasında bildirib. Tədbir Moskvada TASS agentliyinin 120 illiyinin qeyd olunması günləri çərçivəsində təşkil edilib.
TASS-ın rəhbərliyini və kollektivini yubiley münasibətilə təbrik edən Vüqar Əliyev deyib ki, dünya brendi olan bu agentlik jurnalist dəyərlərinin qorunub saxlanması və innovasiyalara açıq olması sayəsində informasiya sahəsində nüfuz qazanıb.
Qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında danışan AZƏRTAC-ın İdarə Heyətinin sədri qeyd edib: “Bildiyiniz kimi, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi üzrə dünyanın bu ən böyük tədbiri havanın çirklənməsini, təbiətə zərərli təsirləri azaltmaq üçün qərarların müzakirə və qəbul edildiyi qlobal platformadır. COP29-da dünyanın müxtəlif ölkələrindən səksən minə yaxın qonağın iştirak edəcəyi gözlənilir”.
Agentliyin İdarə Heyətinin sədri vurğulayıb ki, tədbir çərçivəsində media subyektlərinə xüsusi şərait yaradılacaq, media mərkəzi, konfrans zalları, müsahibələr üçün otaqlar ayrılacaq. “AZƏRTAC da bu tədbiri işıqlandıracaq. Materialları tərəfdaşlarımızla paylaşacağıq. Yetmişə yaxın əməkdaşımız COP29 sahələrində çalışacaq. Bildiyiniz kimi, COP29 çərçivəsində bir çox müxtəlif konfrans, seminar və təqdimatlar keçiriləcək. İmkan daxilində bu tədbirləri mətn, foto və videomateriallarla əhatə etməyə çalışacağıq”, - deyə o əlavə edib.
V.Əliyev, həmçinin dost agentliklərlə həm İnformasiya Şurası çərçivəsində, həm də ikitərəfli qaydada əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, qarşıda çoxsaylı əlamətdar hadisə - faşizm üzərində Qələbənin 80 illiyi, Gəncədə keçiriləcək MDB Oyunları, ölkələrimizdə təşkil edilməsi nəzərdə tutulan başqa tədbirlər var. Hər zaman olduğu kimi, tərəfdaşlarımızı dəstəkləməyə hazırıq.
İclas iştirakçıları dövlət xəbər agentliklərinin beynəlxalq layihələri, iqlim gündəmi, mədəniyyət, elm, gənclər arasında mübadilə, turizm və idman sahələrində mövzuların işıqlandırılmasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Jurnalist mübadiləsi və peşəkarlığın artırılması çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətləri də nəzərdən keçirilib.
Xatırladaq ki, MDB İnformasiya Şurası 1995-ci ildə MDB ölkələri arasında informasiya sahəsində qarşılıqlı əlaqənin və əməkdaşlığın təmin edilməsi, informasiyanın maneəsiz yayılması və peşəkar təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılması, habelə media tərəfdaşlığının gücləndirilməsi məqsədilə təsis olunub.