Xəbər verdiyimiz kimi, 11-15 sentyabr tarixlərində Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş “Nizami günləri” layihəsi keçirilib.

Layihə çərçivəsində “Qiraət axşamı” adlı tədbir təşkil edilib. Gəncə Dövlət Kukla Teatrı aktyorlarının ifasında Nizaminin “Yeddi gözəl” poemasından ərsəyə gətirilən “Xeyir və Şər” tamaşası, Gəncə Dövlət Milli Dram Teatrının təqdimatında “Sələflər və xələflər” kompozisiyası, “Leyli və Məcnun” operasından Leyli və Məcnunun səhrada görüş səhnəsi təqdim edilib.

Bədii qiraətçilər şairin “Sənsiz”, “Sevgili canan”, “Yenə tövbə evimi eşq xərab etmədədir” və başqa qəzəllərini oxuyublar.

Gəncə şəhər 31 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdlərinin ifasında Nizaminin şeirlərindən ibarət kompozisiya da maraqla qarşılanıb.

“Qiraət axşamı”nın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Layihənin daha bir tədbiri “Nizami klassik musiqidə” adlı gecə olub. Gəncə Dövlət Filarmoniyası Kamera orkestrinin (dirijor Xalq artisti Rafael Bayramov) müşayiəti ilə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Tural Abdullayev, solistlər Rüstəm Cəfərov, Elmir Pişnamazzadə, Samir Məmmədov, Vasif Bayramov, Zəminə Mustafayeva dahi şairin sözlərinə bəstələnmiş əsərləri ifa ediblər.

Üzeyir Hacıbəylinin “Arazbarı” zərbi muğamı ilə başlayan gecədə bəstəkarın “Sənsiz”, “Sevgili canan”, Fikrət Əmirovun “Gülüm”, Cahangir Cahangirovun “Gül camalın”, Tofiq Quliyevin “Gözüm aydın, gözümə...”, Süleyman Ələsgərovun “Sərvi xuramanım mənim” əsərləri ifa olunub. Qiraətçilər Lalə Həsəncan və Məhəmməd Hacıyev Nizaminin qəzəllərini səsləndiriblər.

***

“Nizami muğam dünyası” adlı konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin solistləri – xanəndələr Sevinc Sarıyeva, Elgiz Əliyev və Nisbət Sədrayeva tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubovun müşayiəti ilə “Dumanlı Təbriz” tamaşasından “Qönçələbin mahnısı”, “Şikəsteyi-fars” təsnifi, “Gəncədən fayton gəlir” mahnısını ifa ediblər.

Gecədə həmçinin Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti, Sahil Quliyevin bədii rəhbərliyi ilə Şirxan Cahangirov və Azər Verdiyev “Küçələrə su səpmişəm”, Ələkbər Tağıyevin “Sənə qurban” mahnılarını oxuyublar.

***

Sentyabrın 15-də Nizami məqbərəsinin önündə layihənin bağlanış mərasimi keçirilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdimatında Xalq artisti Əfrasiyab Bədəlbəylinin “Nizami” operası nümayiş etdirilib.

Əvvəlcə tamaşanın bədii rəhbəri, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış edərək “Nizami günləri” layihəsini yüksək qiymətləndirib, layihənin nəinki Gəncə, ölkəmiz üçün mədəni hadisəyə çevrildiyini vurğulayıb.

Açıq havada nümayiş olunan tamaşada Əməkdar artistlər Ramil Qasımov (Nizami), İnarə Babayeva (Rəna), Tural Ağasıyev (Lal), solistlər Mahir Tağızadə (Atabəy), Taleh Yahyayev (Qızıl Arslan), Elmir Rüstəmov (Sərkərdə) çıxış ediblər.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu baletmeysteri Əməkdar artist Yuri Lobaçevdir.

Beş gün davam edən “Nizami günləri” layihəsi atəşfəşanlıqla yekunlaşıb.