Olaylar, faktlar (18 – 20 sentyabr)

 

214 il əvvəl...

 

18 sentyabr 1810-cu ildə Cənubi Amerikada İspaniya müstəmləkəçiliyinə qarşı müharibədə (1810–1826) ilk olaraq Çili müstəqilliyini elan edib. Sakit okeanla And dağları arasında, şimaldan cənuba təxminən 6500 km, şərqdən qərbə 400 km zolaqda yerləşən Çili dünyada ən maraqlı coğrafi mövqeyə malik ölkələrdəndir.

 

197 il əvvəl...

 

20 sentyabr 1827-ci ildə Rusiya-İran müharibəsi gedişində general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları İrəvan xanlığının Sərdarabad qalasını ələ keçiriblər. Sərdarabad Ermənistan sovetləşəndən sonra eyniadlı rayonun mərkəzi olub. 1932-ci ildə Oktemberyan, 1992-ci ildə Armavir adlandırılıb.

 

154 il əvvəl...

 

20 sentyabr 1870-ci ildə Cüzeppe Haribaldinin rəhbərliyi ilə İtaliyanın birləşdirilməsi başa çatıb. Roma İtaliyanın paytaxtı elan edilib. Lakin Vatikan (Roma Papası) bununla razılaşmadı və 1929-cu ilədək onun İtaliya ilə münasibətləri açıq qaldı. Həmin il şəhərdə cəmi 44 hektar əraziyə malik Vatikanın dövlət statusu müəyyənləşdi.

 

134 il əvvəl...

 

18 sentyabr 1890-cı ildə Osmanlı hərbi donanmasının ən böyük gəmisi sayılan “Ertuğrul” freqatı Yaponiyaya dostluq səfərindən sonra geri qayıdarkən Kuşimoto sahil qəsəbəsi yaxınlığında güclü qasırğaya düşürək batıb. Gəmidəki heyətdən 587 nəfər həlak olmuş, yalnız 69 nəfər xilas (yaponların köməyə gəlməsi ilə) olmuşdu. Bu faciədə ölənlərin xatirəsinə Kuşimotoda abidə və muzey yaradılıb.

 

100 il əvvəl...

 

20 sentyabr 1924-cü ildə İraqın şimalında Kərkük türklərinin yaşadığı və neftlə zəngin olan Mosul bölgəsi ilə bağlı məsələ Millətlər Liqasının müzakirəsinə verilib. İraq Britaniyanın protektoratlığında idi, Mosula isə Türkiyə iddia edirdi. Millətlər Liqası Britaniyanın istədiyi qərarı çıxardı və Mosul İraqın tərkibində (ingilislərin nəzarətində) qaldı.

 

39 il əvvəl...

 

19 sentyabr 1985-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində baş verən 8,1 bal gücündə zəlzələ nəticəsində, rəsmi məlumatlara görə, 10 mindən çox insan həlak olub, 30 minə yaxın adam yaralanıb.

 

30 il əvvəl...

 

20 sentyabr 1994-cü ildə Bakıda, “Gülüstan” Sarayında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının işlənməsinə dair beynəlxalq kontrakt imzalanıb. “Əsrin müqaviləsi” ilə Azərbaycanın yeni neft strategiyasının əsası qoyulub. Prezident Heydər Əliyevin fərmanı (16 avqust 2001-ci il) ilə 20 sentyabr “Neftçilər günü” kimi qeyd olunur.

 

22 il əvvəl...

 

18 sentyabr 2002-ci ildə Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməlatma mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Heydər Əliyev, Əhməd Necdət Sezər və Eduard Şevardnadze, ABŞ-nin energetika naziri Spenser Abraham iştirak ediblər. Boru kəmərinin inşası 2006-cı ilin yazında başa çatdı, rəsmi açılışı 2006-cı il iyulun 13-də gerçəkləşdi.

Hazırladı: V.Orxan