AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb. “Sənətkarın elmi pasportu - 47” seriyası üzrə çap olunan tədqiqat əsəri institutun Elmi şurasının qərarı ilə nəşr edilib.

İnstitutdan bildirilib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli monoqrafiyaya “Cavidlər irsinin müəllim oğlu” sərlövhəli ön söz yazıb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor İslam Qəribli, rəyçisi filologiya elmləri doktoru Şahbaz Musayevdir.

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə ithaf olunan kitabda din və maarif xadimi Şeyx Məhəmməd Rasizadənin (1878-1939) həyatı, elmi, ədəbi, pedaqoji və publisistik fəaliyyəti araşdırılıb.

On fəsildən ibarət olan kitabda “Mətbuatdan və arxivlərdən tapılan məqalə və şeirlər”, “Ədəbiyyat”, “Fotoalbom” bölümləri də yer alıb.