Vurğunun ocağında musiqi axşamı

 

Sentyabrın 17-də Səməd Vurğunun Ev-Muzeyində Milli Musiqi Gününə (18 sentyabr) həsr olunmuş “Eşq olsun sənətkara” adlı tədbir keçirildi.

Muzeyin direktoru pianoçu, beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov Azərbaycan musiqi mədəniyyəti tarixində dahi bəstəkar, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948)  rolundan söz açdı. Dedi ki, musiqimizin inkişafında əvəzsiz xidmətlər göstərən bəstəkarın miras qoyduğu ənənələr bu gün də yaşadılır.

Daha sonra söz musiqiyə verildi. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Hazar Teymurzadə, Ömər Zeynalov, Xalidə Bayramova, Əli Fərəcov, Ayşən Uğurluyeva, Aylin Mahmudova və Rəmzi İbişov çıxış etdilər.

Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından rəqs, A.Gərayın “Vətən nəğməsi”, F.Əmirovun “Kor ərəbin mahnısı”, S.Ələsgərovun “Vətənimdir”, C.Zülfüqarovun “Fantaziya” (“Ağ alma”), T.Quliyevin “Qaytağı” və H.Xanməmmədovun “Lirik mahnı” əsərləri səsləndirildi. Gənclərin böyük şövqlə ifa etdikləri əsərlər alqışlarla qarşılandı.

Tədbirdən sonra qonaqlar Səməd Vurğunun ocağı ilə tanış oldular.

Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmanla Üzeyir bəyin dünyaya göz açdığı 18 sentyabr tarixi ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Nurəddin