Qax Dövlət Kukla Teatrı sentyabrın 17-də, 52-ci teatr mövsümünün açılış günündə uşaqlara Osman Abdullayevin “Tülkü və quyruq” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.
Rejissor Araz Mehrablının quruluş verdiyi tamaşanın rəssamı Qoşqar Fətəliyev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Tamaşada rolları İlmar Abdullayev, Elnarə Raziyeva, Cəbrayıl Quluşov, Afət Yaqubova, Aynurə Abbasova, Elnurə Əliyeva və Fidan Mahmudzadə ifa ediblər.
Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov bildirib ki, bu ilin sonunadək teatrda dövlət sifarişi əsasında daha iki tamaşa - Çingiz Ələsgərlinin “Pinokionun sərgüzəştləri” və Vladimir Orlovun “Qızıl cücə” tamaşaları hazırlanacaq. Birinci tamaşaya Gəncə Dövlət Kukla Teatrının baş rejissoru Şamil Məmmədli, digərinə isə rejissor Araz Mehrablı quruluş verəcəklər.