Azərbaycan Dövlət Tərcümə Mərkəzində (ADTM) Venesuelanın ölkəmizdəki səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüş keçirilib.
Mərkəzdən bildirilib ki, görüş zamanı Venesuela ədəbiyyatının Azərbaycanda, Azərbaycan ədəbiyyatının Venesuelada tanıdılması istiqamətində həyata keçirilən, eləcə də nəzərdə tutulan tərcümə və nəşr layihələrindən söz açılıb.
Ədəbi əlaqələrin genişləndirilməsi üzrə əməkdaşlıq, tanıtım və yayım tədbirləri ətrafında fikir mübadiləsi aparılıb. Venesuela şairi Anna Mariya Oviedo Palomaresin ADTM tərəfindən tərcümə və nəşr olunmuş “Söyüd krallığı” kitabının bu ilin oktyabrında X Bakı Beynəlxalq Kitab Sərgisində keçiriləcək təqdimatı ilə bağlı təşkilati məsələlər müzakirə olunub.
Ədəbiyyatın xalqları bir-birinə yaxınlaşdıran ən etibarlı körpü olduğunu bildirən səfir gələn ilin may ayında qeyd olunacaq Venesuela-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyi ərəfəsində Venesuela yazıçısı Migel Otero Silvanın kitabının ADTM ilə əməkdaşlıq çərçivəsində tərcümə və nəşr olunması təklifini irəli sürüb. Diplomat bildirib ki, Azərbaycan dilində ilk dəfə işıq üzü görəcək kitab iki ölkə arasındakı münasibətlərə əlamətdar töhfə ola bilər.