Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 18-də Biləsuvar rayonuna səfəri zamanı Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun (1988–2010) ailəsini ziyarət edib.

Qəhrəmanın doğulduğu kənddə yaradılan ev-muzeyə baş çəkən Leyla Əliyeva burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyat yolunu əks etdirən eksponatlarla tanış olub.

Sonra Mübariz İbrahimovun ailəsinin yaşadığı evə gələn Leyla Əliyeva Milli Qəhrəmanın atası və anası ilə çay süfrəsi arxasında söhbət edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Mübariz İbrahimov 2010-cu il iyunun 19-da Tərtər istiqamətindəki cəbhə xəttində bir kilometrlik minalanmış sahəni təkbaşına keçərək Ermənistan işğalçı ordusunun çox sayda hərbçisini məhv edib, beş saat sürən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.