Gəncə şəhərində “Türk dünyasının Azərbaycan və Özbəkistan modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir çərçivəsində AMEA-nın Gəncə Bölməsində Əlişir Nəvai adına Özbək dili və Mədəniyyəti Mərkəzi açılıb.
Mərkəzdə Azərbaycan və Özbəkistan xalqlarının qardaşlıq əlaqələrini əks etdirən guşələr, eksponatlar, Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığına aid nəşrlər təqdim olunur.
Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin özbək dilində çap olunması, onun ardıcıllarından olan böyük özbək şairi Əlişir Nəvainin əsərlərinin Azərbaycanda tərcümə edilərək geniş oxucu kütləsinə çatdırılması hər iki ölkənin mədəni həyatında mühüm hadisə adlandırılıb.
Konfrans iştirakçıları Gəncə şəhərinin tarixi abidələri ilə də tanış olublar.