Sentyabrın 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Naxçıvan MR-nin 100 illiyi çərçivəsində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən NMR-in mədəniyyət nazirinin müavini Həsən Seyidov bildirib ki, Üzeyir Hacıbəyli 1908-ci ildə yazdığı “Leyli və Məcnun” əsəri ilə bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Dahi bəstəkar opera və operettaları, mahnı və romansları, xor üçün əsərləri ilə musiqi xəzinəmizi zənginləşdirib.

Sonra Naxçıvan Dövlət Filarmoniyası Xalq çalğı alətləri orkestrinin konsert proqramı təqdim edilib.

Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” musiqisi ilə başlayan konsertdə Üzeyir Hacıbəylinin əsərlərindən parçalar və digər bəstəkarlarımızın əsərləri ifa edilib.

Solistlər – Naxçıvan MR-in Əməkdar artisti Zülfüqar Mahmudov, Prezident mükafatçıları Nərmin Hüseynova, İlkin Abdullayev və İsrafil Qibləliyevin ifaları alqışlarla qarşılanıb.

Konsert NMR-in Əməkdar artisti Ruhiyyə Hüseynovanın ifasında “Zəfər himni” ilə sona çatıb.

***

Naxçıvan Dövlət Universitetində (NDU) də Milli Musiqi Günü qeyd olunub. NDU-nun rektoru Elbrus İsayev bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycanda musiqişünaslığın, musiqi təhsilinin də əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına öz töhfəsini verib.

Vurğulanıb ki, Naxçıvan Dövlət Universitetinin Konservatoriyası və Musiqi Kollecinin kollektivlərindən ibarət yaradılan simfonik və digər geniş tərkibli orkestrlər ölkəmizdə və qardaş Türkiyənin bir sıra şəhərlərində konsert proqramları ilə çıxış edib.

Sonra bədii rəhbəri və dirijoru NDU-nun professoru, Xalq artisti Çingiz Axundov olan simfonik orkestr musiqi nömrələri ilə tamaşaçıların zövqünü oxşayıb. Üzeyir bəyin “Koroğlu” operasından “Cəngi”, “Arşın mal alan” operettasından Cahan xalanın kupletləri, Telli və Vəlinin dueti, “O olmasın, bu olsun” musiqili komediyasından müqəddimə və digər əsərlər alqışlarla qarşılanıb.