18 sentyabr – Milli Musiqi Günü bölgələrdəki mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd olunub.
Tovuz rayon Qovlar şəhər Uşaq musiqi məktəbində “Unudulmaz sənətkar” adlı tədbir təşkil olunub. Qeyd edilib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü hər il ölkəmizdə milli musiqi bayramı kimi qeyd edilir. Musiqimiz, mədəniyyətimiz öz inkişafına görə Üzeyir Hacıbəyliyə borcludur. Tədbir konsert proqramı ilə davam etdirilib.
***
Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət Mərkəzində rayon MKS ilə birgə Milli Musiqi Günü münasibətilə tədbir təşkil edilib. Tədbirdə milli musiqimizin tarixindən, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından danışılıb. Mədəniyyətimizin dünyada tanınması və təbliğinin dövlətimiz tərəfindən daim diqqətdə saxlanıldığı vurğulanıb. Sonra təqdim olunan konsert proqramında Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndirilib.
***
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi (RMİ) tərəfindən Şəki, Zaqatala, Qəbələ, Balakən, Qax və Oğuz rayonlarında silsilə tədbirlər həyata keçirilib. Tədbirlərdə Üzeyir bəyin mədəniyyətimizin inkişafında misilsiz xidmətlərindən söz açılıb, həmçinin “Arşın mal alan” bədii filmi nümayiş olunub.
***
Cəlilabad şəhər Uşaq incəsənət məktəbində keçirilən tədbirdə əvvəlcə məktəbin xor kollektivinin ifasında “Leyli və Məcnun” operasından “Bu gələn yara bənzər” əsəri təqdim olunub. Sonra məktəbin şagird və müəllim kollektivi tərəfindən rəngarəng musiqi nömrələri ifa olunub.
***
Astara rayon Heydər Əliyev Mərkəzində “Milli musiqimizi yaşadan dahi bəstəkar Üzeyir Hacıbəyli” mövzusunda tədbir keçirilib. Milli Musiqi Gününün tarixi haqqında tədbir iştirakçılarına məlumat verilib. Diqqətə çatdırılıb ki, dövlətimizin mədəniyyətimizə, musiqi sənətimizə diqqət və qayğısının bariz nümunəsi kimi Üzeyir Hacıbəyli və onun irsi ilə bağlı yubileylər UNESCO-da da qeyd edilib.
***
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində “Üzeyir dünyası” adlı tədbir keçirilib. Əvvəlcə Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümünə həsr edilmiş kitab sərgisinə baxış olub. Bədii hissədə Quba səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından, “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarından parçalar təqdim olunub, eləcə də bəstəkarın “Sənsiz”, “Sevgili canan” romansları səsləndirilib.
***
Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü, 18 sentyabr – Milli Musiqi Günü münasibətilə Abşeron-Xızı RMİ-nin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində də tədbirlər keçirilib. Çıxışlarda bəstəkarın həyat və yaradıcılığından bəhs olunub. Sonra tədbir iştirakçılarına Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının ekran təcəssümü olan məşhur film nümayiş olunub.
***
Laçın şəhər 1 nömrəli Uşaq musiqi məktəbində (Bakı şəhəri) “18 sentyabr – Milli Musiqi Günü” adlı dəyirmi masa təşkil edilib. Üzeyir bəyin sənət yolundan, Azərbaycan musiqisinə verdiyi töhfələrdən bəhs olunub. Daha sonra şagirdlərin ifasında bəstəkarın əsərləri səsləndirilib.
***
Mərkəzi Aran RMİ-nin əhatə etdiyi Mingəçevir, Ağdaş və Kürdəmir rayonlarındakı mədəniyyət müəssisələrində Milli Musiqi Günü ilə bağlı tədbirlər keçirilib. Heydər Əliyev və Mədəniyyət mərkəzlərində gerçəkləşən tədbirlər zamanı musiqi mədəniyyətinə həsr olunmuş rəsm və kitab sərgiləri, musiqi məktəblərinin müəllim və şagirdlərinin ifasında dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramları təqdim edilib.
***
Biləsuvar rayon Heydər Əliyev Mərkəzi və Hacıqabul rayon Mədəniyyət Mərkəzində “Arşın mal alan” bədii filminin nümayişi təşkil olunub. Üzeyir bəyin bu ölməz əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
***
Şirvan şəhər Uşaq musiqi məktəbi, şəhər Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana, Salyan şəhər Qulu Əsgərov adına Uşaq incəsənət məktəbi, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi, Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq incəsənət məktəbi, Neftçala Dövlət Rəsm Qalereyası, Neftçala Mədəniyyət Mərkəzi və Hacıqabul şəhər Uşaq musiqi məktəbində Milli Musiqi Günü münasibətilə konsertlər, tədbir və sərgilər keçirilib. Tədbirlərdə bəstəkarın operettalarından səhnəciklər oynanılıb, musiqi əsərləri ifa edilib.
***
Əlamətdar gün münasibətilə Mil-Muğan, Dağlıq Şirvan və Gəncə-Daşkəsən RMİ-lərin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində də silsilə tədbirlər təşkil edilib.
N.Məmmədli