Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin (1494–1556) 530 illik yubileyi münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Qəlbimdəki şair” (“Der Poet in mir”) adlı tədbir keçirilib.
Şairin 530 illiyi haqqında ölkə başçısının sərəncamına əsasən təşkil olunan tədbirdə Almaniya dövlət qurumlarının nümayəndələri, diplomatlar, mədəniyyət xadimləri, azərbaycanlı, türk və digər dost icmaların üzvləri iştirak ediblər.
Ölkəmizin Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək mütəfəkkir şairin Azərbaycan və dünya ədəbiyyatına töhfələrindən söz açıb.
Diplomat səfirliyin təşəbbüsü ilə Füzulinin 530 illik yubileyi münasibətilə Almaniyada poçt markasının buraxıldığını da deyib.
Almaniyalı şərqşünas-alim Mixael Raynhard Hess mütəfəkkir şair Məhəmməd Füzulinin Azərbaycan, ərəb və fars dillərində qələmə aldığı əsərlərin Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərdiyini vurğulayıb. Əsərlərində həyata, insana dərin məhəbbət aşılayan, daim gözəllik duyğusu və ülvi ideallarla yaşamağa çağıran Füzulinin dünya klassik mütəfəkkirləri ilə eyni sırada yer aldığını qeyd edib.
Çıxışlardan sonra Almaniyada yaşayan və fəaliyyət göstərən soydaşımız Tural İsmayılovun rəhbəri olduğu “Anima Şirvani” ansamblının konserti olub. Konsertdə Azərbaycan muğamı və xalq mahnıları klassik alman və ingilis barokko musiqisi ilə vəhdət şəklində təqdim olunub. Naibə Tural və Aydın Həbibov Füzulinin şeirlərini qiraət ediblər.
Konsert alqışlarla qarşılanıb.
Sonda tədbir iştirakçılarına Azərbaycan mətbəxinin təamları təqdim olunub.