Sentyabrın 18-də adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin (1885–1948) anadan olmasının 139-cu ildönümü tamam oldu. 1995-ci ildə  Ulu öndər Heydər Əliyev Üzeyir Hacıbəylinin “Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq və böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm etdirmək məqsədilə” bu tarixin “Üzeyir musiqi günü” kimi qeyd olunması haqqında fərman imzalayıb.

 

Dahi bəstəkarın məzarı önündə

 

Mədəniyyət tariximizin bu əlamətdar gününün tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir bəyin məzarının ziyarət olunması ilə başlanıb. Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət xadimləri iştirak ediblər. Dahi bəstəkarın məzarı üstünə əklil qoyulub, tər çiçəklər düzülüb.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov mərasimə toplaşanları milli musiqimizin bayramı münasibətilə təbrik edib. Bildirib ki, hər il olduğu kimi, bu il də Üzeyir Hacıbəylinin doğum günü – Milli Musiqi Günü ilə bağlı ölkəmizdə silsilə tədbirlər keçirilir,  bəstəkarın mədəniyyətimiz qarşısında misilsiz xidmətləri minnətdarlıqla yada salınır. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkil etdiyi ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının bu il də zəngin proqramı var.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri olduğunu bildirib: “Üzeyir Hacıbəyli elə bir şəxsiyyətdir ki, məhz onun sayəsində Azərbaycan musiqisində tarixi bir dövr başlandı, klassik musiqi sənətimizin təməli qoyuldu, yeni musiqi janrları yarandı. O, milli musiqimizi dünya səviyyəsinə qaldıra bildi”.

Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq artisti Siyavuş Kərimi də Üzeyir bəyin ölməz yaradıcılığından söz açıb. Deyib ki, onun əsasını qoyduğu təhsil sistemi ilə Azərbaycanın musiqi mədəniyyətinə böyük sənətkarlar bəxş olunub.

Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin direktoru Xalq artisti Sərdar Fərəcov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova və başqa çıxış edənlər böyük şəxsiyyətin mədəniyyət salnaməmizdə silinməz iz qoyan çoxşaxəli fəaliyyətindən bəhs ediblər.

Çıxışlardan sonra mərasim iştirakçıları I Fəxri xiyabanda uyuyan Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarlarını ziyarət ediblər.

Mərasim iştirakçıları Ümummilli lider, mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anaraq məzarları üzərinə tər çiçək dəstələri düzüblər.

 

Milli Konservatoriyada

 

Milli Musiqi Gününün növbəti ənənəvi tədbiri Azərbaycan Milli Konservatoriyasında (AMK) keçirilib.

Konservatoriyanın rektoru Xalq artisti Siyavuş Kərimi çıxışında Üzeyir Hacıbəylinin adı ilə bağlı olan əlamətdar günün əhəmiyyətindən, dahi bəstəkarın Azərbaycan musiqisinin inkişafında göstərdiyi xidmətlərdən danışıb: “Biz hər zaman Üzeyir bəyin xatirəsini əziz tutacaq, musiqimizin inkişafındakı xidmətlərini minnətdarlıqla qeyd edəcəyik. Musiqi bayramımız mübarək olsun”.

Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli də Üzeyir Hacıbəyli kimi dahisi olan xalqın xoşbəxt xalq olduğunu deyib.

Sonra musiqi proqramı təqdim edilib. AMK-nın tələbələrindən ibarət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə xanəndələr Xəyal Hüseynov, Gülzar Fərəcova və Güllü Muradovanın ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.

 

Bakı Musiqi Akademiyasında

 

Milli Musiqi Gününün daha bir tədbiri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) gerçəkləşib.

BMA-nın rektoru Fərhad Bədəlbəyli çıxış edərək bildirib ki, bu gün musiqi xadimlərmiz Üzeyir bəyin açdığı sənət yolu ilə addımlayırlar: “Xoşbəxtik ki, onun adını daşıyan təhsil ocağında çalışırıq. Məzunlarımız bütün dünyada uğurla çıxış edirlər. Bütün uğurlarımız Üzeyir bəyin adı ilə bağlıdır”.

BMA-nın kafedra müdiri Xalq artisti Xuraman Qasımova Üzeyir Hacıbəylinin ata yurdu azad Şuşada böyük festivalların keçirildiyini söyləyib: “Bizə bu xoşbəxtliyi yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkür edirik”.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov dahi bəstəkarın musiqi mədəniyyətimizin tarixindəki rolundan danışıb. Bildirib ki, Üzeyir Hacıbəyli musiqisinin şöhrəti bir əsrdən çoxdur ki, dünyanı dolaşır, mötəbər səhnələrdə səsləndirilir, rəğbətlə qarşılanır.

BMA-nın kafedra müdiri filologiya elmləri doktoru, professor Tərlan Quliyev bu il anadan olmasının 530 illiyi qeyd edilən dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin yaradıcılığından nümunə səsləndirib.

Sonra BMA-nın qarşısında Üzeyir bəyin abidəsi ətrafında konsert proqramı təqdim olunub.

Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri (bədii rəhbər və dirijor: Əməkdar incəsənət xadimi, polkovnik Rüfət Axundzadə), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova), Əməkdar artist Xəyyam Mustafazadə, solistlər Aynur İsgəndərli, Kənan Qədimov çıxış ediblər.

Ü.Hacıbəylinin “Koroğlu” operasından “Rəqs”, “Ey Vətən”, M.Maqomayevin “Odlar yurdu”, F.Bədəlbəylinin “Anamız Azərbaycan”, R.Axundzadənin “Qələbə marşı” əsərləri və “Heyratı” zərbi muğamı səsləndirilib.

N.Məmmədli