Ağdamda, Şuşada, Xankəndidə açılışlar və təməlqoyma mərasimləri

 

Azərbaycanın torpaqlarının otuzillik işğalına son qoyan Vətən müharibəsində (2020) tarixi Zəfərin davamı bir il əvvəl bu günlər – 2023-cü ilin 19-20 sentyabrında yazıldı. Ordumuzun apardığı 23 saatlıq lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı hərbi-terror rejimi darmadağın edildi, davakar separatizm yuvasının kökü qazıldı, mövcudluğuna son qoyuldu.

“Qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi...” – 21 sentyabrda Prezident İlham Əliyev xalqa belə dedi.

Azərbaycan külli-Qarabağı öz suverenliyi altına qaytardı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər və Laçından sonra Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə də bayrağımız göylərə ucaldı.

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası əzəli yurd yerlərimizin yenidən qurulmasına daha böyük vüsət verdi. Ötən dövrdə görülən işlər, həyata keçirilən layihələr bunun bariz təsdiqidir.

***

Prezident İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib.

Mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində inşa edilmiş digər xan saraylarından fərqli olaraq dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. İşğalda olmuş ərazilərdəki digər tarixi-mədəni və dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.

Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, oğlu İbrahimxəlil xanın,  Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı şairə Xurşidbanu Natəvanın məzarları burada yerləşib. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Natəvanın qəbirüstü abidəsi də dağıdılıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023–2024-cü illərdə Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işləri aparılıb. Ərazisi 3,3 hektar olan kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir.

Bildirilib ki, hazırda kompleksin ərazisindəki 6 min kvadratmetrlik sahədə yerləşən tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işləri ikinci mərhələdə davam etdirilir. Aparılan araşdırmalar nəticəsində yeni tarixi faktlar üzə çıxarılıb.

Ağdam İmarət Kompleksi artıq ziyarətçilər üçün açıqdır. Kompleksə gələnlər burada yaradılmış park, ziyarətçi mərkəzi, muzey və kafe xidmətlərindən istifadə edə bilərlər.

Məlumat verilib ki, işğaldan əvvəl kompleksin ətrafında müxtəlif növ ağaclardan ibarət yaşıllıq zonası olub. İşğal zamanı burada da düşmən tərəfindən ekoloji terror həyata keçirilib. Kompleksin qarşısındakı dörd qədim çinar və digər ağaclar məhv edilib.

Prezident İlham Əliyev həmin tarixi çinarların yerində ağac əkib.

 

Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi bərpa olunub

 

Prezident İlham Əliyev sentyabrın 19-da Şuşada Üzeyir Hacıbəylinin Ev-Muzeyinin bərpadan sonra açılışında iştirak edib.

Prezidentin köməkçisi Anar Ələkbərov muzeydə yaradılan şərait barədə məlumat verib.

XIX əsrdə inşa olunan evdə dahi bəstəkarın ev-muzeyi 1959-cu ildə yaradılıb. Burada Hacıbəylilər ailəsinə məxsus ev əşyaları, həmçinin bəstəkarın şəxsi əşyaları, fotomateriallar, kitablar – ümumilikdə 1700 eksponat qorunub saxlanılırdı. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-sını qorumaq mümkün olmuşdu.

Muzeydə Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərinə 2022-ci ilin aprel ayından başlanılıb.

Aparılan bərpa işlərinin yekununda yeni ekspozisiya yaradılıb. Burada muzeyin konsepsiyası üzrə Üzeyir Hacıbəylinin Ev-Muzeyinin xilas edilən eksponatları nümayiş olunur.

Muzeyin birinci mərtəbəsində Üzeyir Hacıbəylinin ailəsi, uşaqlıq illəri, təhsili haqqında sənədlər və digər eksponatlar yer alıb. Divarboyu “Sənsiz” romansından notların əks olunduğu fraqment də burada yerləşir.

İkinci mərtəbədə bəstəkarın tamaşaya qoyulan əsərlərinin ilk premyeralarının afişa və proqramları, eləcə də tələbələrini, səfərlərini əks etdirən fotoşəkillər nümayiş olunur. Burada divarboyu “Koroğlu” operasından notların əks olunduğu fraqment yer alıb.

Ev-muzeydə Üzeyir Hacıbəylinin səhnələşdirilən əsərlərindəki obrazlar üçün çəkilən eskizlər, əsərlərinin proqram və afişalarının kollajından ibarət divar da dizayn edilib.

***

Prezident İlham Əliyev sentyabrın 19-da Şuşada Bayraq meydanının açılışında iştirak edib.

Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov meydanda görülən işlər barədə məlumat verib.

Bayraq meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, bayraq dirəyinin hündürlüyü 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub.

Meydanın ətrafında Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və alış-veriş mərkəzinin inşa edilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verib.

Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Şişpapaqlar, Kosalar və Eyvazxanbəyli kəndləri ilə birlikdə layihələndirilib.

Eyvazxanbəyli kəndində 1091 fərdi evin inşası (ümumilikdə 4038 nəfərin məskunlaşdırılması) planlaşdırılıb. Birinci mərhələdə 1563 nəfərin köçürülməsi üçün 427 fərdi evin inşası nəzərdə tutulur.

***

Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli və Xıdırlı kəndlərində aparılan bərpa işləri ilə tanış olub. Hər iki kəndin təməli dövlətimizin başçısı tərəfindən 2022-ci il oktyabrın 4-də qoyulub.

Qeyd edilib ki, Ağdam şəhərindən 6 km məsafədə yerləşən Kəngərli kəndində 2544 nəfərin (632 ailə) məskunlaşdırılması planlaşdırılıb. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 292 fərdi ev inşa edilir.

Ağdam şəhərinin mərkəzindən 3 km məsafədə yerləşən Xıdırlı kəndində isə 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır.

***

Dövlətimizin başçısı sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub.

Gənclər və idman naziri Fərid Qayıbov stadionda yaradılacaq şərait barədə məlumat verib. Bildirilib ki, stadion UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa ediləcək və 11 min 700 tamaşaçı tutacaq.

***

Prezident İlham Əliyev Ağdam şəhərində “Aghdam City Hotel”in açılışında iştirak edib.

“Oskad” şirkətinin idarə heyətinin sədri Oğuz Kadıoğlu dövlətimizin başçısına hoteldə yaradılan şərait barədə məlumat verib. Beşmərtəbəli binada 130 otaq-nömrə var.

***

Dövlətimizin başçısı Ağdam Sənaye Parkında görülən işlərlə də tanış olub, yeni zavodların açılış mərasimlərində iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sənaye parkında görülən işlər barədə məlumat verib.

Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə də tanış olub.

***

Prezident İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, 624 şagird yerlik tam orta məktəbin əsaslı təmirinə bu ilin mayında başlanılıb. Dövlətimizin başçısı Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında da iştirak edib. Məktəbəqədər təhsil müəssisəsi 80 yerlikdir.

***

Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub.

Dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, Xankəndi Dövlət Dram Teatrının binası 1932-ci ildə Azərbaycan Hökuməti tərəfindən tikilib istifadəyə verilib. 1949-cu ildə binanın konstruksiyasına müəyyən əlavələr olunub. Bina XX əsr abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.

Mədəniyyət Nazirliyinin və digər qurumların mütəxəssisləri tərəfindən 2023-cü ilin noyabrında Xankəndi şəhərində yerləşən mədəniyyət müəssisələrinin monitorinqi aparılan zaman teatrın binasına da baxış keçirilib. İşğal dövründə bina istismar üçün yararsız vəziyyətə salındığına görə əsaslı təmirə ehtiyacı var.

***

Prezident İlham Əliyev Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri və şəhərin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə də tanış olub.