Sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və dünyanın aparıcı neft kompaniyaları arasında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi haqqında ilk beynəlxalq müqavilənin (“Əsrin müqaviləsi”) imzalanmasının bu il 30 ildönümü tamam oldu. Müasir inkişafımızda yeni səhifənin açıldığı bu əlamətdar hadisənin ildönümü münasibətliə yerlərdəki mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlər keçirilib. Cəlilabad rayon Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi"nin ildönümünə həsr olunan tədbir keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Çıxışlarda qeyd olunub ki, Ulu öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1990-cı illərin əvvəllərində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atıldı. Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə olundu. Bu mühüm addım ölkədə sabitliyin yaranmasında mühüm amilə çevrildi. Elə həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi yazılan neft sazişi imzalandı. Bununla da Azərbaycanın dayanıqlı inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu gün Azərbaycan Ulu öndər Heydər Əliyevin müəllifi olduğu uğurlu neft strategiyasının böyük bəhrələrini görür.
Sonda tədbir iştirakçıları Cəlilabad Dövlət Rəsm Qalereyasında mövzu ilə bağlı təşkil olunmuş rəsm sərgisinə baxıblar.
***
Masallı Tarix-Diyarşünaslıq Muzeyi, rayon Mərkəzi Kitabxanası və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi”ndən böyük Qələbəyə doğru” mövzusunda tədbir keçirilib. Çıxış edənlər “Əsrin müqaviləsi”nin mahiyyəti, respublikamızın sonrakı inkişafında oynadığı böyük roldan danışılıb. Qeyd olunub ki, ölkəmizin dünyada qabaqcıl dövlətlər sırasında yer almasında “Əsrin müqaviləsi”nin xüsusi yeri var.
Tədbirdə həmçinin 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatında qazanılan böyük Qələbən söhbət açılıb. Bildirilib ki, bu tarixi Qələbədə Azərbaycanın uğurlu neft strategiyası önəmli rol oynayıb.
***
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümü münasibətilə fotosərgi keçirilib. Sərgidə neft sahəsi ilə bağlı maraqlı fotolar nümayiş olunub. Tədbir iştirakçıları sonra neft sahəsinə aid eksponatlara da baxış keçirilib.
Çıxışlarda Ulu öndər Heydər Əliyevin neft strategiyasının ölkənin inkişafında əhəmiyyətli rolu diqqətə çatdırılıb.
***
Şabran rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə qeyd edilib ki, xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlanıldı. Bununla da Azərbaycan tarixində böyük iqtisadi dönüş başlandı. Bu gün əldə olunmuş bütün nailiyyətlərə görə biz Azərbaycan xalqının xilaskarı, Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevə borcluyuq.