Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 24-26 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keçirilib.
Mədəniyyət günləri proqramının ilk tədbiri sentyabrın 24-də Qazaxıstan Milli Akademik Kitabxanasında “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclis oldu.
Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi kitab haqqında məlumat verdi. Qeyd etdi ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyi münasibətilə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Füzuli – 530 misra” kitabı nəşr olunub.
Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədri Rüstəm Əli Azərbaycan Mədəniyyəti Günlərinin önəmindən danışdı. Vurğuladı ki, iki ölkə arasındakı dostluq və əməkdaşlıq bundan sonra da davam edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov diqqətə çatdırdı ki, 2024-cü il yanvarın 25-də Prezident İlham Əliyev Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Şairin 530 illiyində belə bir kitabın nəşr olunması böyük əhəmiyyətə malikdir.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov mütəfəkkir şairin ədəbi irsinin bu gün də öz aktuallığını qoruyub saxladığını söylədi.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Məhəmməd Füzulinin əsərlərinin qazax dilinə tərcüməsi” mövzusunda çıxış etdi. “Biz Türk dünyasının yazıçılarının, alimlərinin və şairlərinin yaratdığı ümumtürk irsinin nəşri və təbliğinə öz töhfəmizi verdiyimiz üçün böyük qürur hissi keçiririk. Məhəmməd Füzulinin gözəl poeziyası hər yerdə səslənir. Biz çox şadıq ki, Bakıda yerləşən Mədəniyyət və İrs Fondu Füzuli irsinin təbliğinə öz töhfəsini verib və onun şeirləri qazax dilinə tərcümə edilib”, – deyə o bildirdi.
Daha sonra mövzu ətrafında Azərbaycanın Xalq yazıçısı Elmira Axundova, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova və başqaları çıxış etdilər.
Bədii hissədə qiraətçi, aktyor Hüseynağa Aslanov və aktrisa Jalə Novruzova tərəfindən Füzulinin bir sıra qəzəlləri səsləndirildi. Xanəndələr Orxan Hüseynli və Leyla Rəhimova Füzulinin qəzəllərini muğam üstə ifa etdilər. Qazaxıstan aktyorları Kazibek İskara və Guldana Alixan Füzuli şeirlərinin qazax dilinə tərcümələrindən nümunələri qiraət etdilər. Qiraətçiləri Əməkdar artist Toğrul Əsədullayev (kamança) və İbrahim Babayev (tar) müşayiət edirdilər.
Əlavə edək ki, nəşr layihəsinin rəhbəri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadır. Şeirləri qazax dilinə Abiraş Jamişev və Jusip Kıdırov tərcümə ediblər. Kitabın tərtibçiləri şair, tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu və şair Fərid Hüseyn, redaktoru Nurlıbek Samatulu, məsləhətçisi ədəbiyyatşünas Didar Kulkenovdur. Bakıda “Zərdabi nəşr”də işıq üzü görən kitabda dahi şairin 22 qəzəl və 6 qəsidəsi yer alıb.
Nurəddin Məmmədli